Özəl bağçada qaz sayğacına müdaxilə
21.12.2021
Bakıda özəl bağçaların birində qaz sayğacına müdaxilə halı aşkar edilib.
Bu barədə "Azəriqaz” İB məlumat yayıb.
Belə ki, qurum əməkdaşları qaz təchizatına qanunsuz müdaxilələrin qarşısının alınması məqsədilə keçirilən mütəmadi reydlər zamanı paytaxtın Xətai rayonunda yerləşən özəl bağçaların birində sayğaca müdaxilə halı aşkar edilib.
Əməkdaşlar bağçada quraşdırılan əvvəlcədən ödənişli sayğacın sərfiyyatını yoxlayıblar. Ayrı-ayrı günlərdə sayğac yoxlansa da, göstəricilərin dəyişməz qalması sayğaca müdaxilə edilməsi ehtimalına şübhələr yaradıb.
Sayğacda yaranan xətaya görə, bağçanın məsul şəxsinin iştirakı ilə sayğacın möhürü çıxarılıb və xüsusi möhürlü şəffaf qutuya qoyularaq növbədənkənar dövlət yoxlamasına göndərilib.
Yoxlamalar zamanı sayğaca müdaxilə olunduğu məlum olub. Məsələ ilə bağlı verilmiş rəyə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun şəkildə tədbir görüləcəyi bildirilib.