Ekzoplanetlərdə su Yerə nisbətən daha çoxmuş
24.08.2018
Astronomlar Yer kürəsinə bənzəyən və Günəş sistemindən kənarda yerləşən ekzoplanetlərdə həyat əlamətlərinin olması ilə bağlı fərziyyələri araşdırırlar. Son tədqiqatların nəticəsində bu ehtimallar daha da artıb.
BBC- xəbər verir ki, ABŞ-ın Boston şəhərində keçirilən konfransda Harvard Universitetinin astrofiziki Li Tszen bu məsələ ilə əlaqədar yeni tədqiqatların nəticələrini açıqlayıb. Onun sözlərinə görə, elmə məlum olan ekzoplanetlərin üçdəikisində (onların ölçüsü Yerdən daha böyükdür) su ehtiyatları mövcuddur. Bundan başqa, bu göy cisimlərinin bir çoxunda olan su planetin ümumi çəkisinin 50 faizini təşkil edir. Məlumdur ki, Yer planetində bu göstərici cəmi 0,02 faizdir. Li Tszen bildirib ki, bu məlumatlar ABŞ-ın "Kepler” rəsədxanasının və Avropanın "Gaia” teleskopunun müşahidələri əsasında əldə edilib.
Astronomların qənaətinə görə, Yerdən 2,5 dəfə böyük olan bu ekzoplanetləri "su dünyası” da adlandırmaq olar. Onların çəkisi bizim planetə nisbətən 10 dəfə artıqdır. Digər tərəfdən, bu planetlərdəki su daha fərqlidir. "Ekzoplanetlərin səthində temperaturun 200-500 °C arasında olduğu güman edilir. Onlar su buxarından və aşağı qatlarda nazik maye təbəqəsindən ibarət atmosferlə əhatə olunub. Daha dərinlərdə - planetlərin sərt nüvə qatında buz kütləsi ola bilər”, - deyə Li Tszen əlavə edib.
Xatırladaq ki, bu yaxınlarda ABŞ-dan bir qrup alim Ayın qütblərində - kraterlərin kölgəsində buz təbəqəsinin olduğunu bəyan edib.