"Azərbaycan NATO üçün çox vacib ölkədir"
17.12.2021
Azərbaycan NATO üçün çox vacib ölkədir. NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı onun gələcək görüş və toplantılara qatılması ilə bağlı fikirləri də çox əhəmiyyətlidir. Bu, NATO-nun Baş katibinin Azərbaycana və Prezident İlham Əliyevə verdiyi önəmin göstəricisidir. Eyni zamanda, danışıqlar zamanı Azərbaycanın üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini yüksək qiymətləndirməsi də qeyd edilməli məqamlardır.
Bu fikirləri türkiyəli hərbi ekspert Coşqun Başbuğ ifadə edib.
O deyib ki, görüşdə Prezident İlham Əliyevin xüsusilə Ermənistanla bağlı fikirlərinin bölgənin gələcəyi baxımından yol xəritəsi olmasının vurğulanması müsbət haldır. Çünki Avropada Ermənistanı dəstəkləyənlərin bölgədə baş verən proseslərə münasibəti bəllidir. Ermənistanın bugünkü siyasəti isə Avropadan dəstək almağa yönəlib. Lakin NATO-nun Baş katibi ilə görüşdə səsləndirilən fikirlər artıq Avropanın da regionumuzdakı reallıqları qəbul etdiyinin göstəricisidir. Ümumiyyətlə, Brüsseldəki görüşlərdə Azərbaycan mövzu ilə bağlı niyyətini və məqsədini çox açıq şəkildə ortaya qoydu. Verilən açıqlamalar isə regiondakı qarşıdurmaları, qeyri-sabitliyi yaradan tərəfin Ermənistan olduğunu açıq şəkildə göstərdi”.
Zəngəzur dəhlizinin hazırda Azərbaycan və Türkiyə üçün ən həssas məsələ olduğunu diqqətə çatdıran hərbi ekspert deyib ki, Ermənistanın bu məsələdə hər cür əməkdaşlığa hazır olduğunu ifadə etməsi müsbət qarşılanmalıdır. Çünki Ermənistanın bu günədək apardığı siyasət hamıya məlumdur. Burada sual yaranır: Görəsən, bu mövqe dəyişirmi? Ümid edək ki, elədir.
"İnanıram ki, NATO kimi, bir sıra dövlətlər də həqiqəti görəcək, Azərbaycan Prezidentinin çağırışlarını səmimiyyətlə dinləyib mənasını anlayacaqlar. Əks təqdirdə, bölgənin inkişafı təhlükə altında qalar”, - deyə ekspert fikirlərini tamamlayıb.