Xarici ölkələrdə yaşayaraq alimentdən yayınanlar
16.12.2021
Aliment işlərinin icrası zamanı əsas çətinliklərdən biri açıqlanıb
"Aliment işlərinin icrasında çətinlik törədən nüanslardan biri də borcluların xarici ölkələrdə yaşamasıdır".
Bunu Ədliyyə Nazirliyi İcra Baş İdarəsinin Analitik-nəzarət şöbəsinin aparıcı məsləhətçisi Kəmalə Əhmədova "Aliment və digər borc tələblərinə dair qərarların icrası” mövzusunda feysbukda keçirilən canlı yayımda deyib.
"Bununla bağlı görə biləcəyimiz iş icra tələbi icraata daxil olduqdan sonra borclunun yaşayış yeri müəyyən olunmadıqda həmin borcluların axtarışı ilə bağlı tədbirlər görürük. Ölkə ərazisində axtarışlar nəticə vermədikdə dövlətlərarası axtarışlarla bağlı müraciət olunur. Tələbkarlar da bilməlidirlər ki, borcluların axtarışı beynəlxalq qanunvericiliyə uyğun olaraq, yalnız cinayət işləri ilə bağlı onların saxlanılması və ölkəyə təhvil verilməsi həyata keçirilirsə, mülki işlərlə bağlı həmin borcluların saxlanılması həyata keçirilmir. Yalnız həmin ölkənin hüquq-mühafizə orqanları tərəfindən yeri müəyyən olunur və bizə bildirilir. Biz tələbkarlara məlumat veririk ki, həmin qərarın o dövlətin ərazisində tanınaraq icra olunması üçün məhkəməyə müraciət etsinlər”, - o bildirib.