4,5 milyard dollar tələbiylə məhkəməyə müraciət
29.11.2021
Ukraynanın təyyarə istehsalçısı "Motor Siç”in çinli investoru "Pekin Skyrizon” 4,5 milyard dollardan çox təzminat tələbilə Haaqa Məhkəməsinə müraciət edib.
Müraciətdə son illərdə ədalətsiz rəftar və daimi olaraq tətbiq edilən qeyri-qanuni tədbirlər nəticəsində çinli investorların həm Ukraynada, həm də Çində ciddi itkilərə məruz qaldıqları bildirilib.
"1992-ci il oktyabrın 31-də qüvvəyə minmiş "Ukrayna hökuməti ilə Çin hökuməti arasında investisiyaların cəlb edilməsi və qarşılıqlı qorunması haqqında Saziş”ə uyğun olaraq, çinli investorlar Ukraynanı ikitərəfli investisiya sazişini pozan tərəf kimi tanımağı və iddiaçılara 4.5 milyard ABŞ dollarından artıq məbləğdə dəymiş bütün zərərlər üçün tam kompensasiya ödənilməsini tələb edirlər”, - müraciətdə bildirilib.
İnvestorlar iddia edirlər ki, onlar həmişə qanunlara ciddi əməl ediblər, eyni zamanda Ukrayna hökumətinin sərt davranışına kəskin etirazlarını bildiriblər. Onlar, həmçinin Ukraynanı milli təhlükəsizlik və dövlət hakimiyyəti anlayışından sui-istifadə etməkdə, iqtisadi və ticarət təcrübələrini siyasiləşdirməkdə, Çin müəssisələrinə əsassız təzyiq göstərməkdə ittiham ediblər.
Qeyd edək ki, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası bir müddət əvvəl Çinin "Pekin Skyrizon” şirkətinin səhmdarları arasında olduğu "Motor Siç” müəssisəsini dövlət mülkiyyətinə qaytarmaq barədə qərar qəbul edib. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Jao Lijian "Motor Siç”in dövlət mülkiyyətinə qaytarılması qərarından sonra Ukrayna tərəfindən Çin investorlarının qanuni hüquqlarına hörmət etməyi tələb edib.