“Bayraktar TB2” yeni rekorda imza atıb
27.11.2021
Türkiyənin ilk milli və analoqu olmayan "Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatı (SİHA) 400 min uçuş saatını müvəffəqiyyətlə tamamlayaraq türk aviasiya tarixində yeni rekorda imza atıb.
Bu barədə "Baykar” şirkətindən bildirilib.
Türk aviasiya tarixində yeni mərhələ açan "Bayraktar TB2” bu rekordla Türkiyənin səmada ən uzun zaman keçirən ilk milli SİHA-sı olub. 2014-cü ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olan "Bayraktar TB2” texniki xüsusiyyətləri və əməliyyatlarda istifadəsi baxımından dünyanın bu sahə üzrə ən qabaqcıl və yaxşı texnikası hesab edilir.
Bu aparatlar Azərbaycanın Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsində döyüş vasitəsi olaraq özünü tam sübut edib.
Müdafiə analitiklərinin araşdırmalarına görə, "Bayraktar TB2” SİHA-ları ikinci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunun bir çox hava hücumundan müdafiə sistemini, radar sistemini, tanklarını, zirehli texnikasını, yük maşınlarını, arsenallarını eləcə də mövqe və bölmələrini məhv edərək, dünya hərb tarixində yeni səhifə açıb.