“Ermənistan qorxur ki..."
25.11.2021
İrəvan Zəngəzur dəhlizindən buna görə qorxur
Soçi görüşündə aktiv şəkildə müzakirə olunacaq mövzulardan biri də nəqliyyat dəhlizləri məsələsidir. Lakin bu mövzuda dərhal irəliləyişin olub-olmayacağı hələ ki, aydın deyil.
Bu sözləri tanınmış rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında keçiriləcək üçtərəfli görüş haqda danışarkən deyib.
Onun sözlərinə görə, bu dəhlizlər arasında bircə Laçın nəqliyyat dəhlizi normal işləyir, hərçənd Azərbaycanın bu dəhlizlə bağlı iddiaları var:
"Çünki Şuşadakı terror aktına bənzər hadisələr Laçın dəhlizindən partlayıcıların keçirilməsi ilə baş tutub. Buna görə də Bakı sonda Azərbaycanın hüquq-mühafizə strukturlarının Laçın dəhlizində yerləşdirilməsini tələb edə bilər”.
Ekspertin fikrincə, əsas müzakirə olunacaq məsələ Zəngəzur dəhlizidir:
"Ermənistan qorxur ki, bu nəqliyyat dəhlizi kifayət qədər böyük həcmdə yaradılarsa, Azərbaycan gücləndikcə bu nəqliyyat dəhlizindən istifadə edərək Ermənistanda Sünik vilayəti adlandırılan Zəngəzurdakı bütün nəzarəti ələ keçirər və Ermənistan İranla olan sərhədlərini itirər. Bu, Ermənistan üçün olduqca çətin bir sualdır. Ona görə də bu istiqamətdəki danışıqların inkişafına mane olur, təkidlə bunun dəhliz deyil, yalnız nəqliyyat kommunikasiyası olmasını istəyir”.