Sabah ilin sonuncu Ay tutulması olacaq
18.11.2021
Noyabrın 19-da bu ilin sonuncu Ay tutulması hadisəsi baş verəcək.
AMEA-nın Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, bu təbiət hadisəsi zamanı Ayın bir hissəsi Yerin kölgə konusundan (Umbra) keçəcək. Bu cür tutulmaya qismən Ay tutulması deyilir.
Tutulma hadisəsi Bakı vaxtı ilə saat 11:18:41-də başlayacaq, saat 14:47:04-də isə başa çatacaq. Ümumilikdə 2 saat 28 dəqiqə davam edəcək tutulmanın maksimum həddi saat 13:02:55-də olacaq.
Qeyd edək ki, Ay tutulması Amerika, Şimali Avropa, Şərqi Asiya, Sakit okean və Avstraliyada müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə bu təbiət fenomeni Azərbaycanda müşahidə olunmayacaq.