Ermənistanın yalan bəyanatları ifşa edilib
17.11.2021
Noyabrın 16-da Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında BMT Təhlükəsizlik Şurasının gündəliyinin "Beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi: sülhün və təhlükəsizliyin mənafeyi naminə preventiv diplomatiya Birləşmiş Millətlər Təşkilatının bütün əsas orqanlarının ümumi məqsədidir” bəndi üzrə növbəti - 8906-cı iclası olub.
İclasda BMT-nin əsas orqanlarının bütün rəhbərləri – Baş katib Antonio Quterreş, Baş Assambleyanın prezidenti Abdulla Şahid, EKOCOS-un sədri Kollen Kelapile, Beynəlxalq Məhkəmənin prezidenti Coan Donahyu, Təhlükəsizlik Şurasının fəaliyyətdə olan üzvlərinin daimi nümayəndələri və bir sıra başqa dövlətlərin nümayəndələri iştirak ediblər. İclasda Azərbaycan da iştirak edib və Qoşulmama Hərəkatının sədri kimi Hərəkatın 120 üzvünün adından bəyanatla çıxış edib.
İclas zamanı Ermənistanın daimi nümayəndəsi BMT Təhlükəsizlik Şurasının beynəlxalq platformasından sui-istifadə edərək həqiqətə uyğun olmayan bir sıra kəskin bəyanatlarla çıxış edib, Azərbaycanı guya 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan öhdəlikləri yerinə yetirməməkdə və Ermənistan-Azərbaycan sərhədində gərgin vəziyyət yaratmaqda təqsirləndirməyə çalışıb.
Azərbaycanın daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir Yaşar Əliyev həqiqi vəziyyəti izah etmək və razılaşmaların pozulmasında, münaqişənin genişlənməsində Ermənistanın təhrikçi rolunu göstərmək üçün ikinci əlavə bəyanatla çıxış edib.
Azərbaycan diplomatı öz cavabında Ermənistanın təhrikçi və yalan iddialarını qətiyyətlə rədd edib və həqiqi vəziyyəti ətraflı təsvir edib. Diplomat qeyd edib ki, Azərbaycan 1990-cı illərin əvvəlində Ermənistan tərəfindən zorla cəlb edildiyi müharibənin dağıdıcı nəticələrindən ciddi zərər çəkib. O vurğulayıb ki, Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın suveren ərazisinin xeyli hissəsi işğal edilib və Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalını pisləyən və onların bu ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını, habelə azərbaycanlı məcburi köçkünlərin doğma yurdlarına qayıtmaları üçün şərait yaradılmasını tələb edən qətnamələrinin qəbul edilməsinə baxmayaraq bu ərazi təqribən otuz il ərzində işğal altında qalıb.
Azərbaycanın BMT yanında diplomatik missiyasının rəhbəri bəyan edib ki, işğal zamanı beynəlxalq humanitar hüququn ciddi pozuntuları törədilib, nəticədə on minlərlə dinc sakin qətlə yetirilib, 700 mindən çox azərbaycanlının yaşadığı işğal edilmiş bütün ərazilərdə etnik təmizləmələr aparılıb. Azərbaycanın işğal edilmiş şəhərləri, qəsəbələri və kəndləri yerlə-yeksan edilib.
Y.Əliyev qeyd edib ki, son 30 il ərzində rəsmi Yerevan Ermənistanın cəzasız qalmasından sui-istifadə edib, bu, ötən ilin payızında Azərbaycana qarşı növbəti təcavüz aktına gətirib çıxarıb. Azərbaycanın fəal döyüş əməliyyatları zonası hüdudlarından uzaqda yerləşən, əhalisi sıx olan şəhərlərinə artilleriya atəşləri nəticəsində yüzlərlə dinc sakin qətlə yetirilib və yaralanıb, həmçinin çoxsaylı mülki obyektlər məhv edilib və ya zədələnib. Diplomat bildirib ki, Azərbaycan Ermənistanın təcavüzünə cavab olaraq, beynəlxalq hüquqa və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə tam uyğun surətdə öz xalqını müdafiə etmək və məcburi köçkünlərin öz evlərinə qayıtmalarına şərait yaratmaq üçün işğal altında olan ərazilərin azad edilməsi üzrə əks-hücum əməliyyatına başlayıb.
Azərbaycanın diplomatik missiyasının rəhbəri vurğulayıb ki, otuz il davam etmiş silahlı münaqişə artıq həll olunub. Azərbaycan Ermənistanla dövlətlərarası münasibətləri, o cümlədən sülh müqaviləsi imzalanması vasitəsilə normallaşdırmağa hazır olduğunu bildirib.
Azərbaycanın öz üzərinə götürdüyü bütün öhdəlikləri ardıcıl və vicdanla yerinə yetirdiyini bəyan edən səfir Yaşar Əliyev deyib: "Möhkəm sülhün, inkişafın, tərəqqinin və mehriban qonşuluğun təmin edilməsi Azərbaycanın gələcək barədə təsəvvürünün əsasıdır. Lakin Azərbaycanın təklifinə Ermənistanın cavabı adekvat olmayıb. İki dövlət arasında sərhədyanı zonada Ermənistanın Azərbaycana qarşı noyabrın 16-da törətdiyi silahlı təxribatlara Azərbaycan Silahlı Qüvvələri adekvat cavab verib, Ermənistanın davam edən ərazi iddiaları Ermənistanın dövlət səviyyəsində məsuliyyətsiz hərəkətlərinin və erməni cəmiyyətində hakimiyyət orqanları tərəfindən şüurlu şəkildə qızışdırılan təhlükəli revanşist əhval-ruhiyyənin birbaşa nəticəsidir”.
Azərbaycanın daimi nümayəndəsi sonda əmin olduğunu bildirib ki, Cənubi Qafqazda vəziyyətin dinc yolla inkişafının və iki ölkə arasında münasibətlərin normallaşdırılmasının yeganə mümkün yolu suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasıdır. O, dünya birliyini bu istiqamətdə səyləri davam etdirməyə çağırıb.