21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

“Buzlu şüşə” nə deməkdir?

12.11.2021


Sətəlcəm ağciyərlərin iltihabı xəstəliyidir. Ağciyərlərin anatomik quruluşu üzüm salxımı formasında olduğu üçün hər hansı bir vuruş və ya bakteriya nəticəsində iltihabı proses gedəndə onun divarlarında qalınlaşma baş verir və normal funksiyasını itirir. Həmin halda ilk əlamət özünü öskürək şəklində göstərir. Sətəlcəmin növləri onun törədicisindən asılıdır. Virus, bakterial və kimyəvi sətəlcəmlər var. Xüsusilə körpə uşaqlarda süd istehlak edəndən sonra qaytarma halları olur və bu da sətəlcəm yarada bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Tibb Universitetinin uşaq xəstəlikləri kafedrasının müəllimi, pediatr-reanimotoloq Qoşqar İsmayılov məlumat verərək deyib: "Sətəlcəm uşaqlarla yanaşı böyüklərdə də müşahidə edilir. Lakin ona daha çox uşaqlar arasında rast gəlinir. Bu, daha çox onlarda ağciyərlərin anatomik quruluşunun və immun sisteminin tam formalaşmaması ilə əlaqədardır. Payız aylarında ona daha çox rast gəlinir, xəstəlik qrip, burun axması və rinit formasında başlayır və buna kəskin respirator xəstəliklər deyilir. Bunun ardınca hərarət yüksəlir və bir-iki gün sonra quru, sonra isə bəlğəmli öskürəyə keçir. Nəfəs çətinliyi yarananda həkimə müraciət edilir və aparılan müayinə nəticəsində sətəlcəm diaqnozu qoyulur. Müayinə zamanı ağciyərlərdə səslər eşidilir və bu, sətəlcəm üçün patoqonomik əlamət hesab olunur. Uşaqlarda daha çox virus sətəlcəmləri yaranır, immun sistemi zəif olanlarda isə bir qədər sonra bakterial prosesə keçir və bu zaman antibakterial müalicələr tətbiq etmək lazım gəlir.

Onu da deyim ki, uşaq öskürürsə, hərarəti və burun axması varsa, bu, heç də onun antibiotiklə müalicəsi zərurəti yaratmır. İlk növbədə həkim müayinəsi tələb olunur. Proses üç gündən artıq davam edərsə, xəstənin qan müayinələrinə əsasən iltihabı proses yüksək olduğu aşkar olunursa və bakterial prosesə doğru gedirsə, həmçinin üç gündən artıq hərarət 39-40 dərəcədən enmirsə, evdə təbii üsullarla xəstəliyin qarşısını almaq mümkün deyilsə və rentgen müayinəsində sətəlcəm əlamətləri varsa, antibakterial müalicəyə başlanılır. Sətəlcəmin tam müalicəsi üç həftə davam edir. Onun 7-10 günü aktiv müalicə dövrüdür, qalan müddəti isə evdə yataq rejimində aparılmalıdır”.

Pediatr-reanimotoloq deyib: "Pandemiyaya qədər sətəlcəm anlayışı əhali arasında o qədər də geniş yayılmamışdı və onu ağciyərin xəstəliyi kimi başa düşürdülər. İndi bəzən yanlış olaraq elə düşünürlər ki, sətəlcəmi və "buzlu şüşə” sindromunu yalnız koronavirus yarada bilər. Əslində belə deyil. Sətəlcəm diaqnozu rentgen müayinəsi zamanı həmişə aşkar olunub. İstər yeni növ koronavirus (COVID-19), istər bakterial, istər digər respirator virus xəstəlikləri olsun, bunların hamısı sətəlcəm yaradır, lakin rentgen müayinəsində müəyyən dəyişikliklər ola bilər. Elə viruslar var ki, ağciyərin aşağı hissələrini, elə bakteriyalar var ki, onlar ümumən ağciyərləri total zədələyir, lakin nəticə olaraq sətəlcəmə səbəb olur. "Buzlu şüşə” görüntüsü bir çox virus və bakterial sətəlcəmlər nəticəsində rentgen müayinəsi zamanı ağciyərlərdə yarana bilər, yəni bu görüntü sırf COVID-19-a məxsus deyil. Lakin pandemiya dövründə kompüter tomoqrafiyasında aparılan belə bir görüntünün təbliğatı onun yalnız COVID xəstəliyi zamanı yarandığı assosiasiyası yaratdı.

Hərarət yüksələndə, angina, faringit, laringit, yalançı inaq və s. xəstəlikləri zamanı vaxtında həkimə müraciət olunanda sətəlcəmə keçmir. Evdə müalicə zamanı, yaxud həkimə müraciət olunmayanda bəzən elə hallar baş verir ki, hərarət olmasa da, daxildə proses gedir. Gecikmə zamanı və yaxud sürətlə gedən xəstəliklər var ki, iki gün ərzində sətəlcəmə çevrilir. Bu, daha çox immun sistemindən asılıdır. Bakterial sətəlcəmə gəldikdə qeyd etmək lazımdır ki, orqanizmdə bakteriya həmişə yaşayır. Onların içərisində ziyanlı olanı da, xeyirlisi də var. İmmun sistemi möhkəm olanda onlar qeyri-patogen halda, yəni zərərsiz formada olur. Elə ki, virusa yoluxma baş verdi, hava şəraiti dəyişdi, immun sistemi zəiflədi, qida qəbul edilmədi və yuxu sistemi pozuldu, artıq onlar üçün əlverişli şərait yaranır və sətəlcəmə səbəb olur”.