Cinayət işi üzrə apellyasiya protesti verilib
11.11.2021
Azərbaycan Respublikasının Baş Prokurorluğu Səfərov Emin Ehtiram oğlunu qəsdən öldürməkdə təqsirləndirilən şəxslərdən biri - Yusifov Zaur Əli oğlunun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində bəraət verilməsi ilə bağlı bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılan əsassız məlumatlara münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda qeyd olunub ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 8 oktyabr tarixli hökmü ilə təqsirləndirilən şəxs - Zaur Yusifova Cinayət Məcəlləsinin 120.2.1-ci və 120.2.4-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə təsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilib. Təqsirləndirilən digər şəxs - Həsən Tağıyev isə Cinayət Məcəlləsinin 120.2.4-cü və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirli bilinib qəti olaraq 18 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmaması və cinayət qanununun normasının düzgün tətbiq edilməməsi əsası ilə dövlət ittihamçısı tərəfindən həmin hökmdən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilib.