Topçu Vüsal müharibədə unuda bilmədiyi hadisədən DANIŞDI - FOTO
09.11.2021
O, müharibə başlamadan əvvəl 2019-cu ilin iyulun 29-da hərbi xidmətə yola düşür. Xidmətə başladıqdan 17 ay sonra Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutur.
Ali Baş Komandanın əmri ilə sentyabrın 27-də Azərbaycan Ordusu bu qanlı cinayətə cavab olaraq, genişmiqyaslı əks-hücum əməliyyatına başlayır və 44 gün davam edən Vətən müharibəsi başlayır.
Modern.az qalib ordunun qalib əsgəri, Vətən müharibəsinin unudulmaz ismi, "Topçu” ləqəbi ilə tanınan Vüsal Şahkərimovla həmsöhbət olub.
"İndi ötən ili düşünəndə, xatırlayanda həm kədər, həm də sevinc hissi keçirirəm. Yaxınlarımız, o cür igid oğullar qəhrəmancasına şəhid oldular. Qismət belə imiş... Torpaqlarımızı geri almağımız, qalib olmağımız, 30 illik həsrətə son qoyulması sevinci isə bir başqadır. Onu sözlə ifadə etmək çətindir. Bu sevincdə mənim də payımın olması, o döyüşlərdə Azərbaycan əsgəri kimi iştirak etməyimin qürurunu hələ də yaşayıram”, - deyə V.Şahkərimov qeyd edib.
Vüsal döyüşlərə ilk olaraq Füzuli rayonundan başladıqlarını deyir:
"Daha sonra Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak etdim. Sonda hərbi hissəmizi Şuşaya köçürdülər. Döyüşlər bitəndən sonra 2021-ci ilin iyul ayının 1-də Şuşadan tərxis olundum. Altı ay artıq, toplamda 24 ay hərbi xidmət göstərdim. Bununla da ayrıca qürur duyuram”.
Bir il bundan öncə hər kəsin fəxrlə paylaşdığı fotonu, yəqin ki, xatırlayırsınız. Bəli, "Topçu” ləqəbini ona qazandıran həmin fotonun çəkilmə anını xatırlayır, qəhrəmanımız:
"Döyüşlərdə topu baş tuşlayıcı kimi atırdım. Bu səhnə təsadüfi epizoddan yaranıb. Kadrlar Qubadlının Sarıyataq kəndində döyüş zamanı lentə alınıb. Həmin gün Müdafiə Nazirliyinin çəkiliş qrupu ərazidə həyata keçirilən döyüş taktikalarını çəkirdi.
Hər bir əsgər üzərinə düşən missiyanı yerinə yetirməyə çalışırdı. Mənim də fikrim topu sərrast işlətməyimin yanında idi. Belə vaxtlarda nə çəkiliş qrupunun, nə də əsgərlərin bir-birinə yaxınlaşmağa icazəsi vardı.
Elə bu anda belə bir maraqlı, təsadüfi epizod yarandı”.
Bir müddət sonra həmin məşhur fotonu ondan icazəsiz spirtli içkilərin üzərinə vururlar. Bundan xəbəri olanda isə dərhal etiraz edir:
"Həmin vaxt mən Qubadlı rayonunda idim, döyüş bitmişdi. Zəng edib mənə deyəndə bildirdim ki, şəklimin spirtli içkilərdə olmasını istəmirəm. Etiraz edəndən sonra yığışdırdılar”.
Qalibiyyətə qədər müharibə həm də təhlükə, ölüm, həyəcan hissi yaşadır...
"Döyüşə səfərbərliklə gələnlərlə birgə başladıq. İlk başladığımız gün qorxu yox, az müddət həyəcan oldu. Sonra alışdıq. Füzuli rayonunda döyüşlərin birində unuda bilmədiyim bir hadisə yaşadım. Düşmən ordusu yerimizi tapmışdı. Dayanmadan mərmi yağdırırdılar. Qəlpə səfərbərliklə gələn əsgər yoldaşımın belinə dəydi. O an dostuma nəsə olar deyə çox qorxdum. Şükür Allaha, ciddi xəsarət almadı. Bizim diviziyada şəhid yox, yaralılar oldu. İndi hamımızın bir-birimizlə əlaqəmiz var. Yeri gələndə görüşürük də”.
Topçu Vüsal qələbədə onun da payının olmasını necə bir hiss olduğunu sözlə ifadə etməkdə çətinlik çəkdiyini etiraf edir:
"Qısacası deyim ki, böyük qürur hissidir. Kimlərinsə yanında söhbət edəndə Azərbaycan oğlu, əsgər olaraq müharibədə iştirak etdiyim üçün fəxr edirəm”.
Qəhrəmanımız Füzuli, Cəbrayıl və Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün medallarla təltif olunub.
Hamımızın Topçu Vüsal kimi tanıdığı qəhrəmanımız hazırda Xaçmaz rayon Fövqəladə Hallar Nazirliyinin dəftərxanasında kargüzar kimi çalışır.