Ermənistan hökuməti söz azadlığını məhdudlaşdıran addım atıb
21.08.2018
Ermənistan Nazirlər Kabineti dövlət məmurlarının müsahibə və şərhlərinin, KİV-lərin məlumatlarının hökumətin rəsmi siyasətinə uyğun olmasına dair sərəncam hazırlayıb.
"Sputnik” agentliyi xəbər verir ki, ölkənin baş nazirinin aparatından hökumət strukturlarına mətbuatla işin nizama salınmasına dair verilən təlimat KİV-lər və sosial şəbəkələrdə ciddi etirazlara səbəb olub. Belə ki, aparat rəhbəri Eduard Ağacanyanın imzaladığı sərəncama əsasən, hökumət üzvlərinin və idarə rəhbərlərinin mətbuata bütün açıqlama, müsahibə və şərhləri "hökumətin proqramı və strateji istiqamətləri ilə üst-üstə düşməlidir”.
Bu sərəncamdan sonra baş nazir Nikol Paşinyanın ünvanına söz azadlığının məhdudlaşdırılması ittihamları səslənməyə başlayıb. Ermənistan parlamentinin xarici əlaqələr komissiyasının sədri Armen Aşotyan bildirib ki, baş nazirin aparat rəhbəri söz və mətbuat azadlığını məhdudlaşdırmaqla yanaşı, KİV-lərin operativliyinə və sərbəst ifadə azadlığına zərbə vurur. Baş nazirin mətbuat katibi Arman Yeqoyan onunla razılaşmayaraq bildirib ki, yeni qaydaların məqsədi hökumətin mətbuatla əlaqələrini nizama salmaqdan ibarətdir.
Ermənistanda əvvəllər də dövlət məmurlarının mətbuata bəyanatları ilə bağlı qaydaların sərtləşdirilməsi cəhdləri olub, lakin ilk dəfədir ki, bu addım hökumət sərəncamı ilə rəsmiləşdirilir.