Doğum günü olan şəhidlər
04.11.2021
Bu gün 44 günlük Vətən müharibəsi zamanı şəhid olan üç nəfərin doğum günüdür.
Əsgər Babayev Mustafa Elman oğlu 2000-ci il noyabrın 4-də Ağstafa rayonunun Yenigün kəndində anadan olub. Orta təhsilini 2007-2018-ci illərdə E. Mustafayev adına Yenigün kənd və 2 saylı Xırdalan şəhər tam orta məktəblərində alıb.
Mustafa Babayev 2019-2020-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. O, müharibə zamanı Füzuli, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalıb.
Şəhidimiz Ağstafada Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Mustafa Babayev ölümündən sonra "Vətən uğrunda”, "Cəsur döyüşçü” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
MAHHXHQ, əsgər Məmmədov Sərxan Elxan oğlu 1993-cü ildə Yevlax rayonunda dünyaya gəlib. 2012-ci ildə müddətli hərbi xidmətə çağırılıb. 2020-ci il 27 sentyabr tarixindən Vətən müharibəsində iştirak edən qəhrəmanımız Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib və verilən döyüş tapşırıqlarını uğurla yerinə yetirib.
Oktyabrın 19-u 2020-ci ildə Talış-Suqovuşan istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Sərxan Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.
Əsgər Səfərov İntiqam Əlihüseyn oğlu 4 noyabr 1998-ci il Rusiya Federasiyasının Saransk şəhərində anadan olub. Bakı şəhərinə gəldikdən sonra, Maştağa qəsəbəsində yerləşən Ə.Vahid adına 293 saylı tam orta məktəbdə təhsil alıb.
2015-ci ildə orta təhsili başa vuran İntiqam Səfərov 2016- ci ildə "Kompüter operatoru” peşəsini müvəffəqiyyətlə bitirib. 2020-ci ildə Tərtərdə N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
O, 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində iştirak edib və Talış-Suqovuşan istiqamətində gedən döyüşlərdə vuruşub.
6 oktyabr 2020-ci il tarixində Talış kəndi və Suqovuşan yaşayış məntəqəsinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Şəhid Səfərov İntiqam Əlihüseyn oğlu Maştağa kəndində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.
Prezident İlham Əliyevin sərəncamlarına əsasən, İntiqam Səfərov ölümündən sonra "İgidliyə görə”, " Laçının azad olunmasına görə”, "Suqovuşanın azad olunmasına görə”, "Vətən uğrunda” medalları ilə təltif edilib.