“Facebook”un loqotipi dəyişdi
29.10.2021
"Facebook” şirkəti ABŞ-da yerləşən baş qərargahındakı bilbordlarında yeni loqolarını nümayiş etdirib. Sosial şəbəkələrdə "Facebook”un Kaliforniyadakı baş ofisinin qarşısından bir neçə foto yayılıb. Görüntülərdə şirkətin loqosunun mavi sonsuzluq işarəsinə dəyişdirildiyi görünür.
Xatırladaq ki, Mark Zukerberq dünyanın ən böyük sosial şəbəkəsi "Facebook”, həmçinin "Messenger”, "WhatsApp” və "Instagram” da daxil olmaqla xidmət markalarını qorumaqla, şirkətin adının "Facebook”dan "Meta”ya dəyişdiyini açıqlayıb. Zukerberqin sözlərinə görə, "Meta” - yunanca "sonra” sözündəndir.
Xatırladaq ki, ötən həftə "Facebook”un "metakainat”ın qurulması yönündə diqqətini əks etdirmək üçün adını dəyişdirmək planları barədə mətbuatda məlumat yayılmışdı.
Qeyd edək ki, şirkətin qurucusu Mark Zukerberqin virtual dünya – "metakainat” planları barədə cari ilin iyul ayında məlum olmuşdu. Onun sözlərinə görə, istifadəçilər bu virtual aləmdə bir-birini görüb-eşitməklə yanaşı, həm də fiziki olaraq hiss edə biləcəklər.