Bakı metrosundakı faciədən 26 il ötür
28.10.2021
1995-ci il oktyabrın 28-də Bakı metrosunda baş vermiş qəzadan 26 il ötür.
Rəsmi məlumatlarda qeyd edilir ki, "Ulduz” və "Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər həyatını itirib.
Ölənlərdən 28-i uşaq, üçü xilasedici olub. Bundan başqa, qəza nəticəsində 270 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı idi. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.
Hadisədə terror əməli aşkarlanmayıb və o, texniki qəza kimi qiymətləndirilib. Belə ki, uzun müddət məsələni araşdıran istintaq qrupu qəzanın baş verməsinin terror aktı olduğunu istisna edib.
Qəzanın sırf səhlənkarlıqdan baş verdiyi açıqlanıb. Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. Havaçəkmə sistemi pis olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq altında qalaraq ölüblər.
Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılmışdı. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçeri 10 il müddətinə azadlıqdan məhrum edilib.
Qatarı tərk edənlərin çoxu sağ qalsa da, yanğın tarixin ən ölümcül qatar fəlakəti hesab olunur.
Hadisədən sonra Azərbaycanda 3 günlük matəm elan olunub.