İpoteka kreditləri üç dəfəyə qədər artıb
22.10.2021
2021-ci ilin doqquz ayında banklar tərəfindən 282 400 000 manat həcmində ipoteka krediti verilib.
DM-in Mərkəzi Bankdan əldə etdiyi məlumata əsasən, oktyabr ayının 1-nə vətəndaşların əldə etdiyi ipoteka kreditlərinin həcmi 2020-ci ilin eyni dövrü ilə müqayisədə 101 900 000 manat və ya 2,8 dəfəyə qədər artıb.
Müvafiq dövr ərzində İpoteka və Kredit Zəmanət Fonduna dövlət tərəfindən 35 600 000 manat vəsait ayrılıb ki, bu rəqəm ötən ilin göstəricilərinə nəzərən 125 600 000 manat və ya 4,5 dəfəyə qədər azdır.
İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditlərinin həcmi 281 500 000 manat olub. 2020-ci ilin oktyabr ayının əvvəlinə olan göstəricilərlə müqayisədə yenidən maliyyələşdirilən kreditlərin həcmi 207 600 000 manat və ya 3,8 dəfə artıb.
Fondun ipoteka portfeli üzrə orta aylıq faiz dərəcəsi əvvəlki ayla müqayisədə sabit qalıb və 6,32 səviyyəsində olub. İlin əvvəlindən orta aylıq faiz dərəcələri 6,32-6,34 arasında dəyişib.
Orta aylıq ödənişlərin həcmi isə avqust ayı (381,5 manat) ilə müqayisədə sentyabr ayında artaraq 383,2 manat həcmində müəyyənləşib. İlin əvvəlindən orta aylıq ödənişlərin həcmi 370,2-383,2 manat arasında dəyişib.