21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Vaksinin üçüncü dozasının vurulması vacibdir

21.10.2021

 Bir sıra ölkələrdə, o cümlədən region ölkələrindən Rusiyada COVID-19 virusunun yeni mutasiyası yayılmağa başlayıb. Koronavirusun "AY.4.2” mutasiya variantının hətta "Delta” ştammı ilə müqayisədə daha yoluxdurucu olduğu deyilir.

COVID-19-un bu növünə yoluxan bir nəfər təmasda olduğu təxminən doqquz nəfəri yoluxdura bilər. Yoluxduruculuq sürəti digər mutasiyalardan sürətli olan virusa qarşı mübarizə aparmaq üçün vaksinasiya prosesi vacibdir.

Mövzu ilə əlaqədar açıqlama verən deputat Məlahət İbrahimqızı bildirib ki, hazırkı vəziyyətdə vətəndaşların daha intensiv vaksinasiya olunması, vaksinin üçüncü dozasının qəbul edilməsi önəmlidir:

"Azərbaycanda son günlər koronavirusa yoluxma sayında artım müşahidə edilir. Bu səbəblə də ölkədə bir sıra təhsil müəssisələri tamam, bir qismi isə lokal olaraq distant təhsilə keçirilib. Ölkəmizdə ötən ilki kimi tamamilə qapanmanın olacağını ehtimal etmirəm. Belə ki, ölkəmizdə əhalinin böyük bir hissəsi hər iki dozada vaksinasiya prosesindən keçib. Belə ki, rəsmi məlumatlara görə, ölkədə ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 4 266 230 təşkil edir.

Lakin mediadan da oxuduğumuz kimi Rusiyada, eləcə də bir çox ölkələrdə koronovirusun yeni növü sürətlə yayılmağa başlayıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin çıxışı zamanı Rusiya əhalisinin 30 faizinin vaksinasiya olunduğunu və bu səbəbdən ölkə əhalisinin peyvənddən yayınması halından narahat olduğunu dilə gətirib. O, öz çıxışında əhalinin vaksinasiyaya xüsusi diqqət göstərməsini istəyib. Bizim ölkəmizdə isə pandemiya dövrü başlayandan vəziyyət digər ölkələrlə müqayisədə çox yaxşıdır. Bu da ölkədə zamanında karantin rejiminin elan edilməsi və qabaqlayıcı tədbirlərin görülməsi ilə bağlıdır”.

M.İbrahimqızı onu da qeyd edib ki, koronovirusa qarşı vurulan vaksinlər orqanizmdə ömürlük immunitet yaratmır:

"Difteriya, poliomielitə qarşı vurulan vaksinlər orqanizmdə ömürlük immunitet yaradır. Lakin bu COVID-19 infeksiyasına qarşı vaksinlər ömürlük immunitet formalaşdırmadığı üçün əvvəlcə iki doza, daha sonra üçüncü dozanın vurulması sağlamlığın qorunması üçün önəmlidir. Koronavirusa qarşı mən özüm də iki doza "Sinovac”, üçüncü doza isə "Pfizer” vaksini vurdurmuşam. Vaksin vurdurmaq bizi COVID-19 infeksiyasına yoluxmaqdan tamamilə qorumur, sadəcə olaraq yoluxduğumuz zaman çox yüngül şəkildə keçirməyimizə zəmin yaradır. Çünki xəstəliyi ağır keçirən şəxslərin orqanizmdə fəsad yarana bilir. Xəstəxanada süni tənəffüs aparatına qoşulmamaq üçün, koronovirusu daha ağır keçirməmək üçün vaksinasiya prosesinə laqeyd yanaşılmamalıdır. Xüsusilə də iş rejimi dinamik olan, insanlarla çox təmasda olan şəxslərin üçüncü doza vaksin qəbul etməsi daha çox vacibdir.

ABŞ-da, İngiltərədə, Avropa ölkələrində koronovirusun "Delta” variantının yeni mutasiyasının aşkarlanması və sürətlə yayılması bizim üçün də bir həyəcan təbili olmalıdır. Çünki dünyanın bir çox ölkələrində soydaşlarımız yaşayır. Məsələn, Rusiyada bizim 2 milyona yaxın soydaşımız var. Birinci virus sərhəd tanımır, ikinci isə soydaşlarımızın Azərbaycandakı qohumları ilə təmasda olmaları virusun qısa zamanda ölkəmizdə də yayılması riskini artırır. Odur ki, əhali bilməlidir ki, pandemiya, yoluxma təhlükəsi hələ də var. Lakin yenə də qeyd edim ki, Azərbaycanda vaksinin hər iki dozada qəbul edən şəxslərin sayı kifayət qədər çox olduğundan ölkədə tam qapanmanın olacağını ehtimal etmirəm”.