Aleksey Fenenko: “Ermənilər xəyal dünyasında yaşayırlar”
21.10.2021
Ekspert ictimaiyyətində müzakirə üçün ən aktiv mövzulardan biri - Cənubi Qafqazda 3+3 platforması şəklində altıtərəfli əməkdaşlıq formatıdır.
Bu ideya Bakı, Ankara və Moskvada birmənalı olaraq qəbul edilir. Tehran pauza edir, İrəvanın mövqeyi isə bölgədəki heç bir ölkə üçün aydın deyil. Gürcüstan da bu məsələnin əleyhinə çıxış edir. Bu mövqe Gürcüstanda səfərdə olan ABŞ-ın müdafiə naziri Lloyd Ostin tərəfindən də dəstəklənib.
Ermənistana qayıdaq. Oktyabrın əvvəlində Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, "Ermənistan hər şeydən əvvəl konkret olaraq hansı formatların müzakirə edildiyini, hansı hədəflərin əsas götürüldüyünü, hansı şəraitdə və hansı prinsiplərə uyğun işləyəcəklərini anlamalıdır. Yalnız bundan sonra Ermənistan tərəfi dəqiq mövqe bildirəcək.
Tanınmış rusiyalı politoloq, Rusiya Beynəlxalq Məsələlər Şurasının eksperti, Moskva Dövlət Universitetinin dosenti Aleksey Fenenko Oxu.Az-ın suallarına cavab verərkən qeyd edib ki, İrəvanın strategiyası "3 + 3” formatını pozmaqdır.
- Ermənistan nə istəyir?
- O ümid edir ki, bu format ATƏT-in Minsk Qrupunun mövqeyi ilə ziddiyyət təşkil edəcək. Erməni tərəfi Fransanı və ABŞ-ı öz tərəfinə çəkmək istəyir, bu ölkələrdə böyük erməni diasporu var. Xüsusilə Fransada. Ermənistanın baş naziri Nikol Paşinyan bu ölkələrin "3 + 3” platformasının ATƏT-in Minsk qrupu ilə ziddiyyət təşkil etdiyini dünyaya car çəkməklərini istəyir. İrəvan Fransa prezidenti Emmanuel Makronun məsələni açıq şəkildə qoyacağını gözləyir: ya Minsk Qrupu, ya da yeni format. İrəvan buna müyəssər olacaqmı? Bu artıq başqa sualdır, amma belə bir fikir var.
- Həm də öz iradəsindən yaxud da öz iradəsindən asılı olmayaraq Ermənistanın müttəfiqinə çevrilmək ehtimalı olan Gürcüstan da var. Tbilisi özünün obyektiv səbəblərinə görə "3 + 3” platformasına hazır deyil. Üstəlik ABŞ-ın müdafiə naziri faktiki olaraq yeni formata qoşulmağı məsləhət görməyərək gürcülərə dəstəyini ifadə etdi.
- Bu tövsiyənin hansı ölkədən gəldiyinə diqqət yetirin - dediyim kimi, nüfuzlu erməni diasporası olan ABŞ-dan. Onlar respublikaçıların dövründənsə, demokratların dövründə daha güclüdürlər, məhz indi olduğu kimi. Respublikaçıların prezidenti Donald Tramp üçün bu məsələlər böyük ölçüdə əhəmiyyətli deyildi. Ancaq demokratlarda məsələ fərqlidir. Onlar "Erməni məsələsinə” də çox həssas yanaşırlar, həmçinin Rusiya ilə Türkiyənin Cənubi Qafqaz bölgəsindəki mövqelərinin güclənməsinə də.
- "3 + 3” platformasının gələcəyi haqqında nə düşünürsünüz? Hələlik yalnız üçtərəfli "Azərbaycan - Gürcüstan - Türkiyə” və "Türkiyə - Azərbaycan- Rusiya” formatların uğurla işlədiyi hiss olunur...
- Düşünürəm ki, böyük ehtimal tezliklə "dördlük”- "Rusiya - Azərbaycan - Türkiyə - İran” formatı işə düşəcək. Bakı, Moskva və Ankara üçün indi ən vacib şey İranın bu formata qoşulmasına nail olmaqdır. Onda Ermənistan üçün regional problemləri müzakirə etməkdən boyun qaçırmaq artıq çətin olacaq; İrəvan regional dövlətlərlə qarşılıqlı əlaqə qurmalı olacaq.
- Amma heç kimə sirr deyil ki, hazırda İranla Azərbaycan arasındakı münasibətlər tutqundur...
- Yeri gəlmişkən, bu məqam əlaqələri müzakirə etmək, həll etmək üçün əlavə bir səbəb ola bilər.
- Bəs Cənubi Qafqazda qeyri-regional qüclərin meydana çıxmasını istisna etmək mümkündürmü? Burada rus hərbçilər, türk müşahidəçilər var. Bu arada, ikinci Qarabağ müharibəsindən bir il sonra İrəvandan bölgəyə xarici hərbi kontingentlərin gətirilməsi ilə bağlı çağırışlar eşidilir, ABŞ, Fransa, Polşa haqqında danışırdılar, indi Hindistana ümid edirlər...
- Ermənilərdən müharibə olacağı təqdirdə (Türkiyə ilə - red.) bir həftədən sonra Ankarada olacaqlarını söylədiklərini eşitdikdən sonra heç nəyə təəccüblənmirəm (gülür). Onlar bir növ fantaziya, uydurma dünyasında yaşayırlar. Bu, Ermənistan siyasətinin çoxdankı xüsusiyyətidir. Onlar arzularını həqiqət kimi təqdim edirlər və tərəflərin mövqeyini zəif fərqləndirirlər. İrəvanın əsas marağı prosesə Avropa İttifaqını cəlb etmək, razılaşmaları pozmağa cəhd göstərməkdir. Bu Nikol Paşinyanın strategiyasıdır. Danışıqlar prosesini uzatmaq onun siyasi tərzidir. Eyni zamanda o, erməni cəmiyyətinə revanşa hazırlaşdığını nümayiş etdirir.
- Məgər Paşinyan revanşın mümkün olmayacağını başa düşmür?
- O, bunu çox yaxşı başa düşür. Amma Ermənistanda intiqamın mümkün olduğuna inanan quduz millətçilər var. Nikol Paşinyan isə onlardan çox qorxur.