Doğum günü olan şəhidlər
20.10.2021
44 günlük Vətən müharibəsinin qəhrəman şəhidlərindən 10 nəfərin bu gün doğum günüdür.
DM Azərbaycana tarixi qələbə qazandıran şəhidlərin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Əsgər Əliyev Qara Kamal oğlu 2001-ci il oktyabrın 20-də Yevlax rayonunun Cırdaxan kəndində anadan olub. 2007-2016-cı illərdə Cırdaxan kənd tam orta məktəbində, 2016-2018-ci illərdə isə Yevlax şəhəri S.Əliyev adına 1 nömrəli tam orta məktəbdə təhsil alıb.
Qara Əliyev 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsinə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Q.Əliyev Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabr ayının 23-də döyüş tapşırıqlarını yerinə yetirən zaman şəhid olub. Yevlax rayonunda dəfn edilib.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Qara Əliyev ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” və "Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Əsgər Həmidli Cavanşir Namik oğlu 1997-ci ildə Lerik rayonunun Çayrud kəndində, ziyalı ailəsində anadan olub. 2015-ci ildə şəhid Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbini bitirdikdən sonra Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinə qəbul olub. 2019-cu ildə universiteti bitirərək "Maliyyə” ixtisası üzrə bakalavr dərəcəsi alıb.
2019-cu ilin iyul ayında Lerik rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan Cavanşir Həmidli Milli Ordunun N saylı "Həmlə” Əlahiddə Əməliyyat Taborunun xüsusi təyinatlısı kimi hərbi təlimlərə qatılıb.
2020-ci ilin sentyabr ayında, Vətən müharibəsinin başladığı gündən Cavanşir döyüşlərə qatılır. Tərtər-Ağdərə, Talış və Suqovuşan istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Əsgər Cavanşir Həmidli 7 oktyabr tarixində Cəbrayıl rayonunun Nüzgar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Cavanşir Həmidli ölümündən sonra "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə” və "Vətən uğrunda” medalları ilə təltif edilib.
MAHHXHQ əsgər İbrahimov Seymur Zamin oğlu 20 oktyabr 2000-ci ildə Naxçıvan şəhərinin Tumbul kəndində anadan olub. 2007-2018-ci illərdə Tumbul kənd tam orta məktəbində orta təhsil alıb. 2018-ci ildən isə orta təhsilini başa vuraraq həqiqi hərbi xidmətə yollanıb.
Seymur 2020-ci ilin mart ayında hərbi xidmətini bitirib, "kəşfiyyat” bölməsində xidmətini MAHHXHQ əsgəri kimi davam etdirib. 2020-ci il 27 sentyabr tarixindən başlayaraq ərazi bütövlüyümüz uğrunda gedən döyüşlərə qatılıb və noyabr ayının 2-si Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, İbrahimov Seymur ölümündən sonra "Vətən uğrunda”, "Hərbi xidmətlərə görə”, "Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Əsgər Mehtili Eşqin Tərlan oğlu 2001-ci ilin oktyabrın 10-da Beyləqan rayonunun Baş Əlinəzərli kəndində anadan olub. Oktyabr ayında dünyaya gələn Eşqin 2019-ci ilin oktyabrında hərbi xidmətə yola düşüb.
Döyüşlərə Kəlbəcərdə başlayan Eşqin Mehtili Cəbrayılın və Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə də iştirak edib. 2020-ci il oktyabr ayının 14-ü Füzuli şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Eşqin Mehtili ölümündən sonra "Döyüşdə fərqlənməyə görə”, "Kəlbəcərin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Şücaətə görə” medalları ilə təltif olunub.
MAHHXHQ əsgər Məmmədov Ceyhun Qafar oğlu 1996-cı il oktyabr ayının 20-də Ağcabədi rayonunun Qaraxanlı kəndində anadan olub. 25 oktyabr Füzuli şəhərinin azadlığı uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Ceyhun Məmmədov ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə” və "Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Baş gizir Poladov Aynur Şıxbaba oğlu 1980-ci il oktyabrın 20-də Şabran rayonunun Zeyvə kəndində anadan olub.
Azərbaycan Ordusunun baş giziri olan Aynur Poladov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
A.Poladov 2020-ci il oktyabr ayının 2-də Füzuli döyüşləri zamanı şəhid olub. Şabran rayonunun Zeyvə kəndində dəfn edilib.
Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Aynur Poladov ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.
Əsgər Qarayev Elyaz Vəli oğlu 1998-ci ildə Bərdə rayon Dəymədağıldı kəndində anadan olub. O, orta təhsilini şəhid F.Əhmədov adına Dəymədağıldı kənd tam orta məktəbində alıb.
Elyaz 2016-cı ildə həqiqi hərbi xidmətə yollanıb, 2018-ci ildə müddətli həqiqi hərbi xidmətini baş rabitəçi olaraq başa vurub.
O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsinə könüllü olaraq qatılıb və 30 gün müddətində Füzulinin, Zəngilanın, Cəbrayılın, Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib.
2020-ci il 28 oktyabr tarixində Şuşa istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Elyaz doğulduğu Bərdə rayon Dəymədağıldı kəndində dəfn edilib.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elyaz Qarayev ölümündən sonra və "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Xocavənd azad olunmasına görə” medalları ilə təltif olunub.
Əsgər Quliyev Əli Turac oğlu 2001-ci ildə İraqın Kərbəla şəhərində ilahiyyatçı ailəsində anadan olub.
12 yaşına kimi Kərbəla şəhərində yaşayıb və təhsil alıb. 2013-cü ildən ailəsi ilə birlikdə Azərbaycanın Masallı rayon Kolatan kəndinin Bağıroba qəsəbəsində məskunlaşıb. Şəhid Simran Rzayev adına Kolatan kənd tam orta məktəbinin altıncı sinfinə daxil olub. 2020-ci ildən dislokasiyası Cocuq Mərcanlı olan N saylı hərbi hissəyə müddətli həqiqi hərbi xidmətə yollanıb.
Oktyabrın 26-dan 27-nə keçən gecə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 29 oktyabr 2020-ci ildə Kolatan kəndinə gətirilərək torpağa tapşırılıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Çavuş Quluzadə Elşən Qulu oğlu 1998-ci ildə Füzuli rayonunun II Mahmudlu kəndində anadan olub.
Daxili Qoşunların çavuşu olan Elşən Quluzadə 2020-ci il sentyabr ayının 27-dən başlanan Vətən müharibəsi zamanı Füzuli şəhərinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Elşən Quluzadə oktyabrın 13-də Füzuli döyüşləri zamanı ağır yaralanıb və tibb müəssisəsinə yerləşdirilib. O, 2021-ci il yanvarın 21-də müalicə aldığı tibb müəssisəsində koma vəziyyətinin 100-cü günündə şəhid olub və Füzuli rayonunun Mahmudlu kəndində dəfn olunub.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Elşən Quluzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə”, "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Baş leytenant Hüseyn Seymur Hüseyn oğlu 1993-cü ildə Ordubad rayonunda anadan olub. İlk təhsilə 2000-ci ildə Ordubad şəhər 3 nömrəli orta məktəbdə başlayıb. 2008-ci ildə Naxçıvan şəhəri Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub. 3 il burada oxuduqdan sonra 2011-ci ildə Bakı şəhərindənki Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2015-ci ildə buranı da uğurla bitirən Seymur Hüseyn leytenant rütbəsi alıb. Naftalan, Tərtər və Bakı şəhərlərində xidməti vəzifəsini yerinə yetirən Seymur Aprel döyüşlərində də iştirak edib.
Seymur Hüseyn 2018-ci ildə baş leytenant rütbəsinə layiq görülüb. O, 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlərdə də iştirak edib.
Vətən müharibəsində Füzuli, Hadrut, Cəbrayıl istiqamətində gedən döyüşlərdə fərqlənib. Ailəsi ilə son dəfə 11 oktyabrda danışıb. 16 oktyabrda isə Cəbrayıl uğrunda gedən döyüşlərin birində ayaq, qarın və baş nahiyəsindən ağır yaralanıb. 41 gün komada qalan igidimiz noyabrın 26-sı şəhid olub və İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. Şəhidimizin vətənə əmanət bir övladı qalıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Hüseyn Seymur ölümündən sonra "Vətən uğrunda”, "Hərbi xidmətlərə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.