Bəhram Bağırzadə səhnəyə “əlvida” deyir... – Müsahibə
20.10.2021
Əməkdar artist Bəhram Bağırzadənin Axar.az-a müsahibəsi:
- Sizi sağlam və gümrah görməkdən çox şadıq. Ancaq əvvəlki kimi səhnədə aktivliyinizi görmürük. Səbəbi nədir? Xəstəlikdən sonrakı adaptasiya, yoxsa pandemiyanın yaratdığı çətinliklər?
- Sizinlə razıyam. Əvvəlki kimi aktiv deyiləm və bunun səbəbi zəifliyimdir. Orqanizmim və yaddaşım çox zəifləyib, buna görə də reabilitasiya, fizioterapiya keçirəm. Kim deyirsə xəstəlik yoxdur, inanmayın, xəstəlik var və fəsadları çox ağırdır. Açığı, mən də inanmırdım, lakin xəstəliyi tutandan sonra başa düşdüm ki, belə bir virus həqiqətən də var. Sizi inandırım ki, bu xəstəliyi respublikada mənim kimi ağır keçirən olmayıb. Ölkədə ilk insanam ki, EKMO aparatı mənə qoşuldu. Hazırda beynim işləyir və bir çox işlər görürəm, sadəcə olaraq, çatdıra bilmirəm. İdeyalarım və projelərim çoxdur. Sağ olsun cənab Prezident və Birinci vitse-prezident Mehriban xanım. Yuxarıda Allah, aşağıda onlar, anamın duaları və millətimin sevgisi məni bu dünyaya qaytardı.
- Prezident İlham Əliyev bu yaxınlarda sizi "Tərəqqi” medalı ilə təltif etdi və bu birmənalı qarşılanmadı. Bu barədə nə deyə bilərsiniz?
- Mən paxıl, xəbis insanlara yalnız dua edirəm. Allah onları hidayət eləsin! Bu çox gözəl bir duadır. Əvvəllər rəhmətlik atam sağlıq deyəndə, deyərdi ki, can sağlığı, can sağlığı və yenə də can sağlığı. Biz bacımla uşaq idik və başa düşmürdük ki, bu nə deyir? Bu boyda bağ, pullar, QAZ-24-ü var... Mən o dünyanı görüb qayıdandan sonra, həqiqətəndə başa düşdüm ki, medal, əsrin çempionu, kubok, prezidentlərlə görüş, gözəl qadınlar heç biri can sağlığının yerini vermir. Düşünürsən ki, tez ayağa qalxıb, evə gedib mətbəxdə özünə çay süzəsən. Bu son 13 ay ərzində dua edəndə dostlarıma cansağlığı arzu edirəm.
- Siz bu yaxında növbəti kitabınızı təqdim etdiniz. Təbrik edirik. Bu, o deməkdir ki, əlvida səhnə?
- Bəli, "Azərbaycan Silahlı Qüvvələri” adlı kitabım işıq üzü gördü. Son iki-üç ildə mən yalnız uşaqlar üçün kitablar dərc elətdirirəm, çünki Azərbaycanda bu işlə heç kim məşğul olmur. Vinston Çörçillə sual veriblər ki, siz niyə hər zaman çətin bir işin qulpundan yapışırsınız? O cavab olaraq deyir ki, ona görə ki, orda rəqibim olmur. Mənim də bu sahədə rəqibim yoxdur və mənim üçün rahatdır.
O ki qaldı səhnədən getməyimə, ömrümün sonuna kimi KVN oynayası deyiləm ki? Müslim Maqomayev deyirdi ki, səhnədən bir il tez getmək lazımdır, nəinki beş dəqiqə gec.
- Televiziyaları izləyirsinizmi? Xüsusilə komediyaları, stənd-apları?
- Yox! Baxmıram, mənim üçün heç biri maraqlı deyil.
- Azərbaycanın gənc yumoristlərində nə çatmır? Məsələn, Rusiya və ya Türkiyə "komedi-klub”larında olan nələr bizdə yoxdur?
- Bilmirəm, mən yumorist tanımıram...
- Özünüz bir veriliş açmaq istəyərsinizmi? O verilişi necə təsəvvür edirsiniz?
- Yox! Əksinə, verlişlərin 80 faizini bağlamaq istəyirəm (gülür).
- Təklif gəlsə necə?
- Artıq elə bir yaşa gəlib çatmışam ki, mən təklif edirəm və nə zaman düşünsəm ki, artıq vaxtıdır, özüm üçün Yutub kanalımı açıb verilişimi aparacam. İnandırım sizi, əgər o kanalı, verilişi açsam, mənim izləyicilərim daha çox olacaq, nəinki bu yumoristlərin və ya digərlərinin. Veriliş açsam, orada yalnız ziyalı insanlar olacaq: professorlar, elm adamları, uroloqlar, stomotoloqlar, rəssamlar və s. Ulduzlardan heç kimi istəmirəm, mənə görə deyil...
- Qəribə tərzdə seyrçi qalmısınız. Adamda elə təəssürat yaranır ki, siz bu sahənin məhv olmasından narahat deyilsiniz. Amma sizdən gözləntilərimiz çoxdur.
- Mənim əlimdə olsaydı, narahat olardım. Mən niyə narahat olmalıyam ki? Narahat o insanlar olsun ki, o yolla gedə bilmədilər. Mən rahatam, çünki 30 ildir bu işlə məşğulam və heç bir zaman xalqımı, Prezidentimi, valideynlərimi, yoldaşımı, dostlarımı pis vəziyyətdə qoymamışam. Hər zaman hamısını sevindirmişəm. Narahat o kəslər olsun ki, məsüliyyət daşımağı bacarmırlar. Çexov demişdi ki, insan olmaq məsuliyyətli olmaqdır. Kimsə məsuliyyət daşımırsa, mən nə edim?
- "Bəhram Bağırzadənin komandası”. Belə bir təşəbbüsünüz olub və ya ola bilərmi?
- Yox. Klubu Anar Məmmədxanov aça bilərdi və onun kimi yazıçı Anar, Çingiz Abdullayev aça bilər. Mən sıravi bir aktyoram, heç kiməm, sadəcə olaraq Allahın bəndəsiyəm və bu gün öz funksiyamı yerinə yetirirəm. Heç bir zaman özümdən razı olmamışam. Mən fəhlə işləmişəm, mətbəədə kağız daşıyırdım və 114 rubl maaş alırdım. İndi gözəl Allahım 30 ildən sonra onun əvəzini mənə verib. Daşıdığım o kağızları çevirib kitab formasına və kitablarda satıldıqdan sonra kağız pula çevrildi.
- Ən çox hansı işinizdən məmnunsunuz?
- Ata olmaqdan. Uşaqların tərbiyəsi ilə məşğul olmağı çox sevirəm. Uşaqlarım zəng vurub deyəndə ki, imtahanı uğurla verdik, ən yüksək balı aldıq, mən bir ata olaraq çox sevinirəm. Arzum və məqsədim cəmiyyətə sağlam, ziyalı övlad yetişdirməkdir. Bundan gözəl heç nə ola bilməz.
- Gələcəklə bağlı hansı planlarınız var?
- Yalnız Allaha ibadət etmək...