“Gurultulu çıxışlar vətəndaşa ziyan vurur” - Fond prezidenti
18.08.2018
Avqustun 10-da Tramp Türkiyədən idxal edilən alüminium və polad üzrə rüsumların ikiqat artdığını açıqladı.
Bu sanksiyalar, həmçinin, bir sıra digər amillər türk lirəsinin məzənnəsinin kəskin düşməsinə gətirib çıxardı. Buna cavab olaraq, Türkiyə ABŞ-da istehsal edilən avtomobil, alkoqol və tütün daxil olmaqla, Amerikadan idxal olunan mallara qoyulan rüsumları qaldırdı. Üstəlik, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə Çin, Rusiya, İran və Ukrayna kimi ən böyük ticarət tərəfdaşları ilə lirə hesablamalarına keçmək niyyətindədir.
Son zamanlar biz tez-tez bu və ya digər liderin ticarət tərəfdaşları ilə milli valyutaya keçmək, yeni iqtisadi sanksiyalar tətbiq etmək və ya növbəti bir embarqonun tətbiq edilməsi barədə qərarını eşidirik. Dünyada qızğın beynəlxalq valyuta müharibəsi gedir və nəticədə hər kəs uduza bilər.
Eurasia Diary-nin verdiyi xəbərə görə, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev bu məsələ ilə bağlı fikirlərini bildirib.
Umud Mirzəyevin sözlərinə görə, bu gün biz dünya valyutalarının və dünya dövlətlərinin maraqlarının qarşıdurmasının şahidi oluruq. Belə müharibələrdə tez-tez dövlətlərin və onların rəhbərlərinin maraqları xalqın, adi vətəndaşların maraqlarını üstələyir.
"Biz dövlətlərin və dünya liderlərinin millət üçün mümkün təhlükə və dövlətin nüfuzunun qorunması zərurəti ilə bağlı gurultulu çıxışlarla öz maraqlarını müdafiə etdiklərini görürük. Əslində, bu, əsasən, öz vətəndaşlarına və sahibkarlarına zərər vurur ki, bundan da gələcək perspektivdə dövlətin özü əziyyət çəkir", - deyə Umud Mirzəyev bildirib.
BAMF prezidenti deyib ki, əhalinin sosial cəhətdən ən az müdafiə olunan təbəqələri pul ilə təmin olunma baxımdan əhəmiyyətli dərəcədə daha çox əziyyət çəkirlər.
"Diplomatik qalmaqallar və valyuta qarşıdurmaları artıq bir çox ölkələrin iqtisadiyyatına sarsıdıcı zərbə vurub. Çox sayda insan çaşqınlıq vəziyyətindədir. Pul sistemi sabitliyini itirmişdir və inflyasiya bir neçə dəfə artmışdır ki, bu da malların qiymətinin qalxmasına və buna görə işsizlik səviyyəsinin artmasına gətirib çıxarır. Və bu faktlar adi vətəndaşlara mənfi təsir göstərir. Bir çoxları bunun ölkələr arasındakı müharibələrdən və silahlı münaqişələrdən daha yaxşı olduğunu, qoy insanlar bombalardansa vəsaitlərin çatışmazlığından əziyyət çəksinlər, deyə bilər, lakin bununla məsələ həll olunurmu?".