İran Qarabağın azad edilməsinə görə güney azərbaycanlı milli fəallardan qisas alır
14.10.2021
Türkiyədə yaşayan güney azərbaycanlı jurnalist Taha Kermani Türkiyənin TGRT HABER telekanalına verdiyi müsahibədə həm Qarabağın azad edilməsinin ildönümü, həm də Azərbaycan və Türkiyənin keçirdiyi birgə təlimlərlə eyni vaxtda İran İslam Respublikasının azərbaycanlı milli və vətəndaş cəmiyyəti fəallarına qarşı kin və intiqam hissi ilə təzyiqlərə əl atması haqqında danışıb.
Bu barədə "Azad İran” "Telegram” kanalı paylaşım edib.
"İşğal altında olan Qarabağ ərazilərinin erməni təcavüzkarlarından azad edilməsi məqsədilə 44 günlük müharibənin başlanğıcında İranda azərbaycanlı milli fəallar Qarabağın azad edilməsinə dəstək verdikləri üçün saxlanılırlar və Qarabağın azad edilməsindən bir il sonra və bu qələbənin ildönümündə məhkəmə yekun qərarlar çıxarır. Daha da maraqlısı budur ki, bu günlərdə biz İranla Azərbaycan arasında ümumi sərhədlərdə kritik gərginliyin şahidi oluruq. Bu isə o deməkdir ki, İran İslam Respublikası Arazın bu tayında yaşayan azərbaycanlı soydaşlarından və həmvətənlərindən bu şəkildə qisas alır”, - deyə T.Kermani bildirib.
Onun sözlərinə görə, İran İslam Respublikasının öz qonşularına, bölgənin super güclərinə, o cümlədən ABŞ-a qarşı reaksiyaları daim özü üçün fəlakətli və zərərli olub. Buna misal olaraq, Tehran səmasında SEPAH tərəfindən Ukrayna təyyarəsinə raket atılmasını və yüzlərlə mülki sərnişinin qətlə yetirilməsini göstərmək olar. İran sözdə və formal olaraq Azərbaycanı dəstəkləyir, lakin əslində Ermənistan ordusuna logistik və silah dəstəyini gizlədə bilməyib.