21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Doğum günü olan şəhidlərimiz

14.10.2021

 Bu gün tarixi qələbə ilə nəticələnən Vətən müharibəsi şəhidlərindən 6 nəfərin doğum günüdür.

DM Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir:

Gizir İlkin Bəkir oğlu Ələsgərli 1992-ci il oktyabrın 14-də Şəmkir rayonunun Keçili kəndində anadan olub. 1999-2010-cu illərdə S.Vurğun adına Təzəkənd kənd tam orta məktəbində təhsil alıb.

İlkin Ələsgərli 2010-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb. Daha sonra xidmətini "gizir” hərbi rütbəsi ilə davam etdirib. İlkin Ələsgərli 2016-cı ilin 2-5 aprelində baş tutan döyüşlərin iştirakçısı olub.

Azərbaycan Silahlı Qüvvələrinin giziri olan İlkin Ələsgərli 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. Şəmkir rayonunun Keçili kəndində dəfn olunub.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, İlkin Ələsgərli ölümündən sonra "Vətən uğrunda”, "İgidliyə görə” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

MAHHXHQ əsgər Ələsgərov Yusif Yaşar oğlu 1996-ci il oktyabrın 14-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 2002-2013-ci illərdə M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb.

Yusif Ələsgərov 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2014-2016-cı illərdə Daxili Qoşunların N saylı hərbi hissəsində xidmət edib. 2017-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb.

Azərbaycan Ordusunun əsgəri olan Yusif Ələsgərov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə tankçı kimi iştirak edib. Oktyabrın 24-də Qubadlı döyüşləri zamanı ağır yaralanıb. Müalicəsi tam bitmədən yenidən döyüş bölgəsinə qayıdıb.

Yusif Ələsgərov noyabrın 7-də Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Yusif Ələsgərov ölümündən sonra "Vətən uğrunda” və "Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər Əsdiyev Heybullah Məzahir oğlu 1993-cü il oktyabrın 14-də Balakən rayonunun Qaysa kəndində anadan olub. 2000-2011-ci illərdə Qaysa kənd tam orta məktəbində təhsil alıb. 2011-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2011-2013-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Heybullah Əsdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Oktyabrın 16-da Suqovuşan döyüşləri zamanı şəhid olub. Balakən rayonunun Qaysa kəndində torpağa tapşırılıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə, Heybullah Əsdiyev ölümündən sonra "Vətən uğrunda” və "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Əsgər Nəcəfov Yusif Nadir oğlu 14 oktyabr 2001-ci ildə Yasamal rayonunda doğulub. 52 nömrəli tam orta məktəbi bitirib. 5-6 il cüdo idman növü ilə məşğul olub. Yusif Nəcəfov 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində hərbi xidmətə başlayıb.

Azərbaycan Ordusunun əsgəri olan Yusif Nəcəfov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində döyüşüb.

2020-ci il oktyabrın 1-i cəbhədə yaralanıb daha sonra 12 gün müalicə alıb, ardınca 13-cü gün təkrar döyüşə qayıdıb elə həmin gün də cəbhənin Kəlbəcər rayonu istiqamətində şəhidliyə ucalıb.

Yusif Nəcəfov 2020-ci il oktyabrın 13-də Murovdağ uğrunda döyüşlər zamanı şəhid olub.

Əvvəlcə Qaradağ rayonundakı Ümumşəhər qəbiristanlığında dəfn olunub. Daha sonra məzarı II Şəhidlər xiyabanına köçürülüb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, Yusif Nəcəfov ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib.

Əsgər Rükabzadə İbrahim Rasif oğlu 2000-ci ildə Masallı rayonu Boradigah qəsəbəsində anadan olub. 2006-cı ildə Nizami Gəncəvi adına 1 saylı tam orta başlayıb, 2017-ci ildə isə məktəbi bitirib.

İbrahim Rükabzadə 2019-cu il aprel ayının 8-də hərbi çağırış ilə xidmətə yollanıb. Əsgərliyini Goranboy rayonu Aşağı Ağcakəndinin N saylı hərbi hissəsində davam etdirib.

İbrahim Rükabzadə 27 sentyabr başlayan torpaqların azad edilməsi uğrunda müharibədə iştirak edib. O, Cəbrayıl şəhərinin alınmasında iştirak edib. Zəngilan, Qubadlı və Xocavəndin alınmasında da iştirak edib.

İbrahim Rükabzadə 21 oktyabr Xocavənd rayonunda şəhid olub. Oktyabr ayının 23-ü şəhid Masallı rayonu Boradigah qəsəbəsində dəfn edilib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, İbrahim Rükabzadə ölümündən sonra "Cəsur döyüşçü”, "Kəlbəcərin azad edilməsinə görə”, "Xocavəndin azad edilməsinə görə” və "Vətən uğrunda” medalları ilə təltif edilib.

MAHHXHQ əsgər Tağıyev Anar Zakir oğlu 1996-cı ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. Anar Tağıyev Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.

Azərbaycan Ordusunun əsgəri olan Anar Tağıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Anar Tağıyev 3 oktyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, Anar Tağıyev ölümündən sonra "Vətən uğrunda” və "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.