21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Şəhid ailəsi xeyirxah insanlara səsləndi

13.10.2021

Media.Az daha əvvəl Murovdağ və Kəlbəcər istiqamətində gedən döyüşlərdə fəal iştirak edən Vətən Müharibəsi veteranı Əli Həmidzadənin ailəsinin üzləşdiyi problemi işıqlandırıb.

Məlumatda Əli Həmidzadənin talassemiyadan əziyyət çəkən altı yaşlı oğlu Nihada dərhal sümük iliyi köçürülməsinə ehtiyacı olduğunu yazmışdıq.

Ancaq ailənin maddi durumu bu əməliyyatı həyata keçirməyə imkan vermir.

Uşağın anası Aytac Həmidzadə yenidən redaksiya ilə əlaqə saxlayaraq dərc edilən materialdan sonra Nihadın müalicəsi üçün 5 000 manat toplandığını qeyd etmişdi.

Ana həmçinin əlavə etmişdi ki, öz növbəsində dövlət də əməliyyat xərcinin yarısını öz öhdəsinə götürməyə hazır olduğunu açıqlayıb.

Bütün bunlara rəğmən, qadının dediyinə görə, onlar Nihadın müalicəsi üçün daha 35 min manat toplamaq məcburiyyətindədirlər, belə ki, Türkiyədə planlaşdırılan sümük iliyi transplantasiyasının əməliyyat qiyməti 80 min manatdır.

"Yardım prosesi dayandı və qiymətli vaxtımızı itirdiyimiz üçün çox narahatıq. Uşaq xəstəliyin təsiri altında böyüdükcə onun daxili orqanları və sümükləri daha çox deformasiyaya uğrayır. Bizə bir çox adam kömək etdi, onlara çox minnətdarıq. Bu dəstək bizə ümid verdi... Övladımızı itirmək istəməzdik. İnanıram ki, birgə səylərimiz nəticəsində oğlumuza kömək edə və tam məbləği toplayaraq onun əməliyyatına hazırlıq prosesinə başlaya bilərik. Axı, hələ qarşıda donor axtarışı və bir çox müayinələr var. Əminəm ki, Nihad da böyüyəndə atası kimi Azərbaycanın mərd övladlarından biri olacaq. O, artıq böyük vətənpərvərdir. Onun vətənə, şəhidlərə və atasına həsr etdiyi şeirlərin videoları sosial şəbəkələrdə çoxlarını duyğulandırıb.


Keçən hər gün Nihadın vəziyyəti ağırlaşır, patoloji dəyişikliklər baş verir. Qaraciyəri və dalağı genişlənir. Zahiri görünüşü dəyişir, talassemiyalı insanlara xas olan əlamətlər - üzün genişlənməsi və başın arxasında çökəklik müşahidə edilir. Uşağın iştahı və qüvvəsi yoxdur, dərisinin rəngi saralır, gözlərinin altında qara dairələr var. Qanda hemoglobinin səviyyəsi aşağı düşən kimi ona dəstəkləyici dərmanlar veririk və bu zaman trombositlərin səviyyəsi azalır, fasilə verməli oluruq. Onun immuniteti zəifləyib, tez-tez xəstələnir. Bədən temperaturu yüksələndə qanın keyfiyyətinə pis təsir etdiyi üçün ona antipiretik dərmanlar verə bilmərik. Xahiş edirəm ailəmizə kömək edin! Bu həyatda uşağınızın xəstələnməsini seyr etməkdən daha pis bir şey yoxdur”, - deyə Nihadın anası bildirib.


Xatırladaq ki, Nihad Həmidzadə 2017-cı ildən etibarən mütəmadi olaraq müalicə aldığı Respublika Talassemiya Mərkəzində qeydiyyatdadır.

Ancaq illər keçdikcə xəstəliyin fonunda onun bədənində geridönməz ciddi dəyişikliklər baş verir. Həkimlər yeganə çıxış yolunun sümük iliyi nəqlinin olduğunu söyləyirlər. Üstəlik, uşağın bədənində dəyişikliklər davam etdiyi üçün əməliyyatı mümkün qədər tez etmək lazımdır. Ailənin ikinci övladı olan qardaşının sümük iliyi Nihada uyğundur. Ancaq valideynlər ikinci övladlarının sağlamlığını təhlükəyə ata bilməzlər, çünki o, anadangəlmə hidrosefal xəstəliyindən əziyyət çəkir. Bu səbəbdən qarşıda Nihad üçün donor axtarışının aparılması gözlənilir. Amma əsas problem başqadır. Planlaşdırılan əməliyyat Türkiyədə baş tutacaq və bu əməliyyatın dəyəri təxminən 80 min manatdır. Ailə, bütün bu illər ərzində oğullarının müalicəsinə kifayət qədər çoxlu pul xərcləyib, buna görə də indi bu məbləğin yarısının da öhdəsindən gələ bilmir və insanların yardımına ümid edirlər.

Media.Az-ın redaksiya heyəti bu ailənin qarşılaşdığı çətin imtahana biganə qalmamağı, hər kəsi Vətən Müharibəsi veteranının ailəsinin probleminə diqqət etməyi və bacardığı qədər balaca Nihada kömək etməyə çağırır.

+994 70 564 36 96 nömrəsinə zəng etməklə Aytac xanımla telefon əlaqəsi yarada bilərsiniz.