21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

İran generalı Pakistana getdi

13.10.2021

 Bu hadisələrin lap əvvəlindən İran hesab edirdi ki, müəyyən şantaj, təhdidlərlə Azərbaycanı öz milli maraqlarından geri çəkilməyə vadar edəcək və regionda yeni formalaşan reallıqların qarşısını almağa nail olacaq.

Bu sözləri açıqlamasında politoloq Qabil Hüseynli İran XİN rəhbəri Hüseyn Əmir Abdullahianın Moskva və Suriyaya səfərindən sonra Bakıya dostcasına gəlməyə hazırlaşması, bunun ardınca isə İran Baş Qərargah rəisi Məhəmməd Bagirinin Azərbaycanın strateji müttəfiqi Pakistana səfərini şərh edərkən deyib.

Politoloq bildirib ki, Azərbaycanla təhdid dilində danışan Abdullahian Moskvada istəyini almadıqdan sonra ritorikasını dəyişdirməyə məcbur oldu:

"Abdullahianın Moskvadan dərhal sonra Suriyaya səfəri və Bəşər Əsədlə görüşü də İranın regionda təsir imkanlarını saxlamağa yönəlib. Bunun ardınca Abdullahianın Bakıya "mehriban qonşuluğun nümayişi üçün” səfər etməyə hazır olduğunu bildirməsi isə Tehranın regionda təkləndiyinin və təhdidlərinin hədər olduğunun göstəricisidir.

İran silahlı qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bagirinin Azərbaycanla qardaş olan Pakistana səfər etməsi də bu xüsusda qiymətləndirilməlidir. Xatırlayırsınızsa, Abdullahianla Rusiya XİN rəhbəri Sergey Lavrovun Moskvadakı mətbuat konfransında rusiyalı nazirə sual ünvanlayan və deməli, İranın mövqeyini ifadə edən jurnalistlərdən biri Türkiyə-Azərbaycan-Pakistanın təliminin Azərbaycanda, Türkiyə-Azərbaycan təliminin Xəzərdə keçirilməsinin Tehranın milli təhlükəsizliyi baxımından naharatlığına səbəb olduğunu bildirmişdi. Ancaq Lavrov bu suala fərqli, gözlənilməz cavabı ilə İranın mövqeyini bölüşmədiyini nümayiş etdirdi. Bunun ardınca isə Bagirinin Pakistana səfəri gündəmə gəldi.

Pakistanın Azərbaycanda təlimə qatılmasından narazılıq edən İranın İslamabada yüksək çinli hərbçisini göndərməsi, üstəlik Abdullahianın Bakıya səfər arzulaması regionda formalaşan yeni reallığı İranın dəyişmək gücündə olmadığını anlamağa meyilli olduğunu göstərir. Doğrudur, kəskin dəyişiklik yoxdur və əslində aqressiv ritorikanın birdən-birə dəyişməsini də gözləmirik. Çünki bu qəfil dəyişiklik İranın imicinə də əhəmiyyətli zərbə vurar. İran hazırda iddialar səsləndirməklə simasını qorumağa çalışır və bu, diplomatiyada qəbulediləndir. Ancaq tədricən prosesin normal məcraya dönəcəyi gözləniləndir. Ötən gün Abdullahianla Azərbaycanın XİN başçısı Bayramov arasında baş tutan telefon danışığı da bunu təsdiqləyir. Əslində, biz qonşularla, xüsusilə 40 milyona yaxın soydaşımızın yaşadığı İranla hər hansı problem istəmirik və Türkiyə və Azərbaycan prezidentlərinin təklif etdiyi kimi, "altılıq platforması”nda əməkdaşlıqda maraqlıyıq”.

Q.Hüseynli Azərbaycanın İsraillə münasibətlərini İranın məhz indi gündəmə gətirməsinin bəhanə olduğunu bir daha xatırladıb:

"Biz İsrail ilə iqtisadi-hərbi sahədə əməkdaşlıq edirik və İsrail ölkəmizin ən etibarlı tərəfdaşlarından biridir. Həm də bu, bugunun əməkdaşlığı deyil, illərə, hətta onillərə dayanır. İranın iddiaları yalnız bəhanədir və bu iddialarını təsdiqləyən bircə fakt da ortaya qoya bilməyiblər – baxmayaraq ki, bu barədə məlumatları guya Azərbaycan tərəfinə verdiklərini bildirirlər. Məsələ ondadır ki, İran öz nüfuzunu diplomatiyada qorumaq üçün guya Azərbaycan tərəfinə hansısa məlumatı təqdim etdiyini iddia edir. Ancaq hər kəs bilir ki, belə fakt yoxdur. Azərbaycan da buna kəskin reaksiya vermir. Buna baxmayaraq, hədələr və sərt ritorikanı da rəsmi Bakı qəbul etməyəcəyini dəfələrlə bəyan edib və buna qarşı hazırlığını da görür”.

Politoloqun fikrincə, İran normal qonşuluq münasibətlərini qoruyan açıqlamalar verərsə və diplomatik addımlar atarsa, regionda öz milli maraqlarını daha çox qorumuş olar:

"Abdullahianın sözlərində səmimiyyət axtarmırıq, çünki Tehranın prioriteti artıq hər kəsə bəllidir. Amma hesab edirəm ki, İran mövcud reallığı qəbul edərək, daha rasional addımlar atacaq və doğrudan da mehriban qonşuluq əlaqələri bərpa olunacaq. Çünki İran aqressiv siyasətlə yalnız özünü təcrid edə və meqalayihələrdən kənarda qala bilər. Ermənistana güvənmək İranın ən böyük səhvidir. Ermənistan həm hərbi, həm də ciddi iqtisadi bağlarla Rusiyaya tabedir və İrəvan gec-tez Rusiyanın qoşulduğu platformada olacaq. Buna görə də İranın Ermənistan üzərindən qurduğu siyasət indidən iflasa məhkumdur və hesab edirəm ki, Tehran da bunu anlamaqdadır”.