Ordumuzun Zəngəzura girmək hüququ yaranır
08.10.2021
Azərbaycan parlamentinin 28 mayı Müstəqillik Günü kimi bərpa etməsinin çox böyük siyasi əhəmiyyəti var. Bununla Azərbaycan Respublikası özünün 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Cümhuriyyətinin varisi olduğunu göstərir.
DM xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev paylaşıb.
O bildirib ki, bu varisliyin elan edilməsi ölkəmizə aşağıdakı fürsətləri verir:
"1) 1918-ci ildə Ermənistan Respublikasına paytaxt kimi verilən İrəvan üzərində hüququmuzu bərpa edir. Azərbaycan Milli Şurasının 1918-ci ildə İrəvanın verilməsi barədə qərarını Azərbaycan Milli Məclisi müzakirə edərək ləğv edə, yaxud qüvvədə qalmasına qərar verə bilər. Azərbaycan Milli Şurasının 29 may 1918-ci il tarixli 3 saylı Protokolunun legitimliyi əsaslandırılmayıb, beynəlxalq və milli hüquq normalarına tamamilə ziddir qərardır və müvafiq prosedurlar qaydasında qüvvədən salınmalıdır. Konkret olaraq Azərbaycan Respublikası hökuməti Milli Şuranın 29 may 1918-ci il 3 saylı iclas Protokolunun denonsasiyasını hüquqi prosedurlara uyğun təmin etməli və beynəlxalq hüquq normalarına müvafiq olaraq, Ermənistana qarşı İrəvan xanlığı əhalisinin hüquqi varisliyinə dair iddia tələbi qaldırmalıdır.
2) 1919-cu ildə Zəngəzurdan Azərbaycan ordusunun çıxarılması barədə Cümhuriyyət Müdafiə Nazirliyinin qərarını qüvvədən düşmüş hesab edib, Azərbaycan Ordusunun ora yenidən yerləşdirilməsi qərarını verə bilər. Qeyd edim ki, 1919-cu il noyabrın 23-də Tiflisdə üç Cənubi Qafqaz respublikasının təmsilçilərinin iştirakı ilə keçirilən sülh konfransının danışıqlarının nəticəsi olaraq Azərbaycan Cümhuriyyət ordusu Zəngəzur ərazisindən çıxarılmış və müvəqqəti olaraq idarəçilik ABŞ-ın Naxçıvanda olan hərbi attaşesi Ceyms Reyə verilmişdi. Müqavilənin 3-cü maddəsinə belə bir bəndin - "Ermənistan-Azərbaycan sülh konfransı tərəfindən məsələ həll olunana qədər Zəngəzurun administrativ idarəçiliyi Amerika Birləşmiş Ştatları nümayəndəsinin nəzarəti altında qalmalıdır” - əlavə edilməsi Ceyms Reyin əl-qolunu açırdı və ona geniş səlahiyyət verirdi. Buna görə də Azərbaycan ordusu regionda sülhün bərqar olması üçün Ceyms Reyin təkidi ilə Zəngəzurdan çıxmalı oldu. Bundan sonra ermənilər tamamilə Zəngəzura yerləşmişdir.
3) Müasir Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olan Azərbaycan Cümhuriyyətinin hüquqi varisi kimi Konstitusiyaya bənd əlavə etmək hüququ verir. Bu o deməkdir ki, Azərbaycan Cümhuriyyət dövründə imzalanmış bütün yerli və beynəlxalq qərarlar, qanunlar, müqavilələr, əmrlər və digər hüquqi prosedurlara sahib çıxıb onlar üzərində mülkiyyət və hüquqi sahiblik əldə edə bilər.
4) Azərbaycanın Cümhuriyyət dövründə imzalanan neft müqavilələri və digər iqtisadi müqavilərdə imza atan Almaniya, Rusiya və digər dövlətlərin öhdəliklərə əməl etməyərək burdan apardıqları sərvətləri geri tələb edə bilər, bu sərvətlərə daşınıb aparılan neftin ödənilməyən pulları, tanker, neft daşıyan qatar sisternləri, neft avadanlıqları və sairə daxildir”.