Millət vəkili hədiyyəsini əsgərə bağışladı
05.10.2021
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, millət vəkili Qənirə Paşayeva Qarabağda xidmət edən Azərbaycan jurnalistləri ilə görüşüb.
DM xəbər verir ki, komitə sədri Qarabağ bölgəsində çalışan bir qrup media nümayəndəsini Vətən Müharibəsinin informasiya cəbhəsində və postmüharibə dönəmində göstərdiyi fədakar fəaliyyətə görə mükafatlandırıb.
Tərtər şəhərində, YAP-ın rayon təşkilatının qərargahında baş tutan tədbirin iştirakçıları öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər qoyublar.
Tədbir iştirakçılarını salamlayan Q.Paşayeva 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına cavab olaraq, Ali Baş Komandanın əmri ilə Ordumuzun bütün cəbhəboyu əks-hücuma keçdiyini xatırladıb.
İTV-nin bölgə müxbiri, Qarabağ Media Assosasiyasının sədri Şöhrət Eyvazlı, Azərtac-ın bölgə müxbirləri Tahir Ağaməmmədov, Aydın Yavərzadə, AzTV-nin bölgə müxbiri Elnur Tofiq, ARB-nin müxbiri Daşqın Abdullayev, Xəzər TV və Baku TV-nin bölgə müxbiri Şamxal Adıgözəlov, Speys TV-nin bölgə müxbiri Emin Babayev əməklərinə verilən qiymətə görə təşəkkürlərini çatdırıb, Qarabağ bölgəsindəki fəaliyyətlərindən söz açıblar.
Sonda Qarabağ Media Assosasiyasının sədri Şöhrət Eyvazlı, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İB-nin sədri, "Hərbi And” qəzetinin baş redaktoru Emin Həsənli Qənirə Paşayevaya təşəkkür plaketi və üzərinə "Bir millət, iki dövlət” yazılı xalça hədiyyə ediblər. Q.Paşayeva nəcib diqqət üçün təşəkkür edərək, öz növbəsində həmin xalçanı Suqovuşanda xidmət edən hərbçimizə bağışlayıb.