21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Prezidentin Araz çayından Tehrana mesajları

05.10.2021

 Prezident İlham Əliyevin İrana yeni xəbərdarlıqlarında diqqət çəkən əsas məqamları qeyd etmək zəruridir.

Birincisi, İranda Azərbaycan əleyhinə kampaniya aparıldığı bir zamanda Prezident İlham Əliyev dövlət başçısı kimi birbaşa İranla sərhəddən, Cəbrayıldan mesaj verdi.

İkincisi, İlham Əliyev siyasi simvolik məna tutumuna malik Araz çayı sahilindən İrana səsləndi və Tehranın İsraillə bağlı məqamlarda Bakıya qarşı əssassız iddialarından əl çəkməsini vurğuladı.

Üçüncüsü, İlham Əliyev Araz çayı sahilindən arxa fonda "Qarabağ Azərbaycandır” yazısı olan ərazidən İsrail istehsalı olan "Harop”la foto çəkdirdi, bununla İranın hədələyici təlimlərinə cavab olaraq Azərbaycanın ordusunda müasir silahların olduğuna diqqət çəkdi.

İlham Əliyevin seçdiyi zamanlamanın da gedişatı ilə bağlı detallara toxunmaq vacibdir.

Prezident İlham Əliyev bundan əvvəl "Anadolu” agentliyinə müsahibəsində dünya azərbaycanlılarının İranın təlimləri niyə indi keçirməsi ilə bağlı suallar verdiyini deməsi İranda müzakirələr yaratmışdı.

Prezidentin "dünya azərbaycanlıları” ifadəsi İranda narahatlıqla izlənilir. İlham Əliyevin müsahibədə İranın əməllərini tutarlı dəlillərlə ifşa etdi, bunu, qarşı tərəfin konstruktiv mövqeyə köklənməsi üçün çağırış kimi də dəyərləndirə bilərik.

Lakin İranın mövqeyində təhdid qarışıq ikili çalarlar getdikcə çoxalır, gah dostluq əlaqələrindən bəhs edilir, gah da ali dini rəhbərin və generalların dilindən birbaşa və ya dolayı yollarla aşkar hədələr səslənir.

Azərbaycan Prezidenti İrana qarşı "ikinci cəbhə”nin açılmasının zərurətindən irəli gələrək Cəbrayıla səfərində İran mövzusunu yenidən bəyanatlarının mərkəzinə gətirdi.

Bununla belə Prezident bir daha postmüharibə dövrünün reallıqları çərçivəsində yeni əməkdaşlıq platformasında təmsil olunmağın vacibliyini dilə gətirdi.

Bu o deməkdir ki:

1. Baş verənlərə rəğmən, yeni platforma region dövlətlərinə yeni fürsətlərin təqdim edilməsi baxımından önəmlidir,

2. Kimin istəyindən və ya maraqlarından asılı olmayaraq, yeni geosiyasi reallığın çərçivəsində layihələr həyata keçiriləcək,

3. Platformada iştirak etməyən region dövlətləri özləri uduzacaqlar.

İranın kompleksləri ona görə qabarır ki, onu ikinci ifşa dalğası gözləyir. Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki işlətdiyi bir cümlə arqumentlərimizi möhkəmləndirən tezis hesab oluna bilər.

İlham Əliyevin "Biz 130 kilometr Azərbaycan-İran sərhədini işğalçılardan təmizlədik. Bu 130 kilometr Ermənistanın işğalı altında idi. O vaxt burada hansı proseslər gedirdi, onu gərək araşdırsınlar. Biz indi bunu araşdırırıq” deməsi işğal müddətində İranla Ermənistanın Qarabağ üzərindən gizli və illeqal ticari maraqları həyata keçirdiyinə dair Azərbaycanda mötəbər məlumatlar olduğuna işarədir.

İlham Əliyevin Azərbaycanın xarici siyasətini özünün müəyyənləşdirdiyini bildirməsi Tehrana "daxili işlərimə qarışma” mövzusunda yeni bir xatırlatmadır.

Bununla belə, bu əlaqələrin Azərbaycanı hansısa qüvvənin idarə etməsinə gətirib çıxarmadığını da elan edib.

İlham Əliyevin Cəbrayıla səfəri zamanı İrana digər rəmzi mesaj da verildi. Məsələn, dünən, yəni Cəbrayıl şəhərinin işğaldan azad olunduğu gün İlham Əliyevin "Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında fərmanı dərc olundu.

Bu səfərlərdən hansı nəticələrə gələ bilərik?

Tehran mövqeyinə redaktələr etməlidir, əks təqdirdə, Azərbaycan da özünün diplomatik və siyasi cavab hüququndan geniş şəkildə istifadə edəcək.