İlham Əliyevdən Putin-Ərdoğan görüşü ərəfəsində mesaj
28.09.2021
Prezident İlham Əliyevin "Anadolu” agentliyinə müsahibəsi Rusiyadan həm gözləntilər, həm razılıq, həm də münasibətlərdə gərginlik yaradacaq addımlara gedilməməsi üçün tələblərin səsləndirilməsi kontekstində nəzərdən keçirilməlidir.
Birincisi, İlham Əliyev xarici ölkə vətəndaşlarının qanunsuz olaraq sülhməramlıların nəzarət zonasında olan ərazilərə qanunsuz girişini xatırlatmaqla Rusiyaya məsuliyyətini xatırlatdı.
İkincisi, Qarabağda Rusiya sülhməramlıların nəzarət zonasında olan ərazilərdəki fəaliyyətini ümumilikdə müsbət qiymətləndirdi.
Üçüncüsü, dövlət başçısı Rusiya rəsmilərinin Qarabağı Azərbaycan torpağı olmasına dair bəyanatlarını xatırladaraq sülhməramlı komandanlığın da fəaliyyətinin bu açıqlamalara uyğun olmasının vacibliyini gündəmə gətirdi.
İlham Əliyev bununla daha çox Rusiya hərbi-siyasi rəhbərliyinə mesaj vermiş oldu, yəni, bəyanatlarla fəaliyyət arasında düz mütənasiblik olmalıdır.
Sirr deyil ki, Rusiya sülhməramlıları 10 noyabr üçtərəfli bəyanatında təsbit olunan vəzifə, funksiya və mandatından kənara çıxan addımlar üçün qərarları təkbaşına qəbul etmir və burada Rusiya hərbi-siyasi rəhbərliyinin də məsuliyyəti var.
İndi İlham Əliyev Kremlə 10 noyabr bəyanatının müddəalarından irəli gələn öhdəliklərini xatırladır və Kremlin məsələsə münasibətdə məsuliyyət dərəcəsinə uyğun olaraq fəaliyyət göstərməsi mesajını verir.
Prezident Rusiyanın Ermənistanı yenidən silahlandırması məsələsi ilə bağlı yayılan məlumatlara münasibətini bildirib, qeyd edib ki, Azərbaycan bu barədə Rusiya tərəfinə dərhal sorğu göndərib.
Rusiya tərəfi isə bu sorğuya cavab verib ki, Ermənistan mediasında çıxan məlumatlar həqiqəti əks etdirmir. İlham Əliyevin müsahibəsi zamanı səsləndirdiyi fikirlərdən aydın olur ki, hazırda Bakı-Moskva münasibətlərində mübahisəli məsələ yoxdur, sadəcə bəzi qüvvələr, o cümlədən Rusiyada və Ermənistanda fəaliyyət göstərən erməni lobbisi Azərbaycan-Rusiya əlaqələrini xələl gətirmək istəyirlər.
Prezident İlham Əliyev Rusiyanın Ermənistanı bundan sonra silahlandırmamasına zəmanətverici bəyanat da səsləndirməyib, çünki Azərbaycan dövlətində buna əminlik yoxdur.
Ona görə də, İlham Əliyev bildirib:
"Ermənistanın yenidən silahlanması ilə bağlı bizim narahatlığımız Rusiya tərəfindən anlayışla qəbul olunur”.
İlham Əliyevin müsahibədəki mövqeyi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə keçirəcəyi görüş ərəfəsində (sentyabrın 29-da Soçidə) səsləndirməsi isə bir neçə versiyanı önə çıxarır.
Sözsüz ki, Qarabağla bağlı açıq qalan məsələlərin həlli, Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırması istiqamətində cəhdləri Putin-Ərdoğan görüşünün gündəliyində dayanacaq.
1. Görüşdə Türkiyə tərəfi regional maraqları kontekstində Azərbaycanın əlini gücləndirən amilləri önə çıxaracaq.
Xatırlayırsınızsa, bir neçə gün öncə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın region siyasəti ilə bağlı atılacaq addımlarda Azərbaycanla bərabər hərəkət edəcəyini açıqlaması
2. Ərdoğan görüşdə Türkiyənin Qarabağdakı hərbi iştirakını artırmaq tələbini Putinin qarşısında qaldıracaq,
3. Ermənistanla münasibətlərin normallaşdırılmasının Azərbaycanın maraqlarının təmin edilməsindən keçdiyini deyəcək.
Ümumilikdə Bakıdan, Ankaradan və Moskvadan verilən açıqlamalar və bəyanatlar fonunda İlham Əliyevin açıqlamaları və Putin-Ərdoğan görüşünün keçirilməsi regionda vəziyyətin normallaşmasına hesablanmış addım kimi dəyərləndirilə bilər.