Əhalinin sayı AÇIQLANDI
16.08.2018
İlin əvvəlindən ölkə əhalisinin sayı 38 min 49 nəfər artaraq iyul ayının 1-i vəziyyətinə 9 milyon 936 min 134 nəfərə çatıb.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, əhalinin bir kvadratkilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşıb, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.
Cari ilin yanvar-iyun ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 66 min 166 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib. Doğulan körpələrin 1238-i əkiz, 45-i üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 113 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.
Bu ilin birinci yarısında ölkədə 29 min 292 ölüm halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,1-dən 6-ya qədər azalıb. Altı ay ərzində qeydiyyat şöbələri tərəfindən 27 min 525 nikah və 7 min 219 boşanma halları qeydə alınıb və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7, boşanmaların sayı isə 1,5 olub.