“Britaniya uşaq folkloru: poeziya” adlı dərs vəsaiti işıq üzü gördü
16.09.2021
Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsinin dekanı, professor Şahin Xəlillinin və Azərbaycan Universitetinin rektoru Səadət Əliyevanın məqalələrdən və xalq lirikasına aid tərcümələrdən ibarət "Britaniya uşaq folkloru: poeziya” adlı dərs vəsaiti işıq üzü görüb.
DM xəbər verir ki, kitabın elmi redaktoru akademik Muxtar İmanov, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru Fialə Abdullayevadır. Dərs vəsaitinin rəyçiləri Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev, filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlu və filologiya elmləri doktoru Elnarə Akimovadır.
Dərs vəsaitində ayrı-ayrı ingilis və amerikan nəşrlərindən seçilmiş Britaniya uşaq şeirlərinin və nəğmələrinin orijinal mətnləri, onların ingilis dilindən Azərbaycan dilinə tərcümələri, eləcə də "Ana Qaz” adı ilə ədəbiyyat tarixində yaxşı tanınan əfsanəvi şairənin şeirləri və digər nəşrlər barədə elmi-ədəbi esselər, şərhlər təqdim edilib. Britaniya ədəbiyyatı tarixi, xüsusilə onun mühüm sahələrindən biri olan uşaq folkloru - poeziyası məsələləri araşdırılıb, şeirlərin təhlili verilib.
Kitabın ön söz müəllifləri akademik Muxtar İmanov və professor Kimberli Reynoldsdır. Filologiya üzrə fəlsəfə doktoru Fialə Abdullayeva isə kitabda "Könüllərdə bardaş quran uşaq folkloru: poeziya, tərcümələr və esselər barədə bir neçə söz” adlı redaktor sözü yazıb.
"Britaniya uşaq folkloru: Poeziya” adlı dərs vəsaiti ali məktəblərin filologiya və təhsil fakültələrinin bakalavriat pilləsinin tələbələri üçün nəzərdə tutulub.