Məktəblərdə imtahanların sayı azaldılır
16.09.2021
Azərbaycanda orta məktəblərdə imtahanların sayı azaldıla bilər.
DM Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov deyib.
O bildirib ki, ola bilsin ki, imtahanlar, qiymətləndirmələr çoxdur: "Ümumtəhsildə qiymətləndirmə konsepsiyasına yenidən baxılır. Ola bilsin ki, həmin tədqiqatlar zamanı təkcə ibtidai siniflərdə deyil, digər siniflərdə də müxtəlif imtahanların sayı azaldılsın. Onların əvəzinə daha az sayda olan mərkəzləşmiş imtahanlar olsun. Növbəti illərdə kurrikulumlar daha da sadələşdiriləcək”.
O qeyd edib ki, yeni dərs vəsaitlərinin hazırlanmasında sadələşməyə doğru istiqamət izlənməkdədir:
"Məsələn, biz əvvəllər Azərbaycan dilindən dilin mürəkkəb qaydalarını keçirdiksə, artıq biz daha çox oxuyub anlamaq, yəni insana həyatı boyu lazım olan bacarıqlara uyğun dərsliklərimizi tənzimləməyə çalışırıq”.