Özünü islam dünyasının bayraqdarı və dünya müsəlmanlarının təəssübkeşi kimi qələmə verən İran İslam Cümhuriyyəti onilliklər boyu müsəlman Azərbaycan Respublikasının torpaqlarını işğalda saxlayan, qəsb etdiyi ərazilərdə İslam mədəni irsinə qarşı vəhşiliklər törədən Ermənistanla siyasi, iqtisadi, hərbi-texniki (nizami-fənni) və mədəni əlaqələrinin ardınca, dini əməkdaşlığını da genişləndirmək niyyətindədir.
Dini əməkdaşlıq ifadəsi İranın Ermənistandakı səfirinin Qriqoryan kilsəsinin rəhbəri ilə görüşü barədə islam cümhuriyyətinin rəsmi dövlət qurumunun Mədəniyyət və İslami Əlaqələr Təşkilatının saytında yerləşdirilmiş məlumatda işlənib.
Həmin məlumatın başlığında deyilir: "Eçmiədzin şəhərində İran Ermənistan dini əməkdaşlığının genişləndirilməsi zərurəti vurğulandı”.
Ötən həftə İranın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Abbas Bədaxşan Zohuri bütün ermənilərin katolikosu II Qareqinlə görüşmək üçün Eçmiədzinə səfər edib. Səfər zamanı onu İranın Ermənistandakı Mədəniyyət Mərkəzinin başçısı seyid Hüseyn Təbatəbai müşayiət edib.
Bu barədə İran və Ermənistan mətbuatının yaydığı məlumatlar bəzi məqamları üzə çıxarır. Təsadüfi deyil ki, erməni katolikosu həmin görüşdə İranı Ermənistanın həmişəlik dostu adlandırır. Təsadüfi deyil ki, müharibə bitəndən bəri İrandan nəinki Ermənistana, həm də qanunsuz şəkildə Azərbaycanın ermənilər yaşayan ərazilərinə şütüyən maşınların, daşınan yüklərin ardı-arası kəsilmir.
Azərbaycanın etdiyi rəsmi xəbərdarlıq və etirazlar da İranın erməni sevgisinin qarşısını ala bilmir. Görüş zamanı İran səfiri bəyan edib ki, ölkəsində ermənilərin digər iranlılarla dinc, yanaşı yaşaması müxtəlif dinlərin birgə yaşayışına dair model kimi dünyaya təqdim oluna bilər. Bunu vurğulamaqla o, İran hakimiyyətinin digər dinlərin nümayəndələrinə guya dözümlü münasibətini və tolerantlığını diqqətə çatdırmaq istəyib.
Lakin bir məsələ qaranlıq qalır ki, nə üçün bu dözümlülük yalnız ermənilərlə məhdudlaşır? Niyə eyni münasibət İrandakı digər xristian və məsihi vətəndaşlara hətta islamın sünni məzhəbinin təmsilçilərinə şamil olunmur? Axı hər il insan haqları təşkilatlarının və beynəlxalq qurumların hesabatlarında İranda xristianların həbs və təqib olunmasına dair məlumatlar yer alır. Demək ki, məsələ heç də xristianlıqda deyil, ermənilikdədir. İran səfiri katolikosla görüşdə əbəs yerə demir ki, Ermənistanın simasında güclü və iqtisadi baxımdan inkişaf etmiş qonşuya malik olmaq İran üçün çox əhəmiyyətlidir.
Daha ətraflı "Azad İran” "Telegram” kanalının hazırladığı süjetdə: