Məktəblilərimiz Serbiyada 12 medal qazandı
15.09.2021
Serbiyanın paytaxtı Belqradda 13-15 yaşlı məktəblilər arasında keçirilən Ümumdünya Məktəb İdmanı Oyunlarında Azərbaycan müxtəlif idman növlərində təmsil olunur.
Bu yarışda karate komandamız 6 medal qazanıb.
14-15 yaşlı yeniyetmələrimizdən Rəşid Süleymanov (-63 kq) qızıl, Ramilə Heydərli (kata, 13 yaş), Orxan Musayev (+70 kq), Pərvin Hüseynzadə (-47 kq) gümüş, Cavidan Cəlilzadə (-57 kq) və Sunay Kazımova (-54 kq) isə bürünc medal qazanıb.
Bundan başqa, Məryəm Qurbanova (+54 kq) yüksək döyüş texnikası və əzmkarlıq nümayiş etdirdiyinə görə Beynəlxalq Məktəb İdmanı Federasiyası tərəfindən xüsusi medalla təltif edilib.
3 taekvondoçumuz bu yarışda fəxri kürsüyə qalxıb. Qızlar arasında Zemfira Həsənzadə (-41 kq) rəqiblərinə qalib gələrək yarışın qalibi olub. Oğlanlardan Vüqar Aslanov (-37 kq) gümüş medal və Harun Salmanzadə (-41 kq) bürünc medala layiq görülüb.
Serbiya paytaxtında cüdoçularımız da 3 medal qazanıb. Həsən Qurbanlı (-34 kq), Əhməd Rüstəmov (-46 kq), Hüseyn Eyvazlı (-66 kq) bürünc medala layiq görülüb.
Qeyd edək ki, yarış sentyabrın 19-da başa çatacaq. Yarışda 14 idman növü – atletika, badminton, basketbol, basketbolun 3x3 növü, şahmat, futbol, cüdo, karate, səmti müəyyənləşdirmə, üzgüçülük, stolüstü tennis, taekvondo, voleybol və güləş üzrə mübarizə gedir.