Yenə dəhşətli terror: 45 nəfər həlak oldu
15.08.2018
Əfqanıstanın şimal-şərqində yerləşən Baqlan vilayətində "Taliban" hərəkatının hərbi bazaya hücumu nəticəsində təhlükəsizlik qüvvələrinin 45 əməkdaşı həlak olub.
"Dövran Media" bildirir ki, hadisə avqustun 15-nə keçən gecə baş verib. Həlak olanların 35-i hərbçi, 10-u isə yerli polis əməkdaşıdır.
Bu ərəfədə "Şahin" düşərgəsinin nümayəndəsi Məhəmməd Hənif Rezai taliblərin ölkənin şimal-qərbində yerləşən Fəryab əyalətindəki hərbi bazalardan birini ələ keçirdiyini bildirib. Bu bölgədə gedən döyüşlər nəticəsində Əfqanıstan ordusunun 17 əsgəri həlak olub, 12-si isə yaralanıb. Yerli şuranın rəhbəri Sıbhatullah Silab Müavinin sözlərinə görə, hücum vaxtı hərbi hissədə olan onlarla əsgərin taleyindən isə heç bir xəbər yoxdur.
Xatırladaq ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu "Taliban" hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir.