Müasir və çoxfunksiyalı texnikalar vasitəsi ilə təmizlənən yollar bir anda tər-təmiz olur.
"Dövran Media" xəbər verir ki, Bakıda yaxın vaxtlarda süpürgəçilərin əvəzinə xüsusi texnika işləyəcək. Təqdim olunan bu görüntülər xaricdə çəkilsə də, artıq paytaxt küçələrində də belə texnikaları qısa zamanda görmək mümkün olacaq.
Bununla da Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxt küçələrinin təmizlənməsində insan amili minimum endiriləcək. Artıq sözügedən qrum tərəfindən xüsusi proqram hazırlanıb və onun icrasından sonra yollarda zibilin yığışdırılması tamamilə avtomatlaşdırılacaq. Bu proqramın hazırlanmasına avropalı aparıcı ekspertlər cəlb olunub və onlar yaxın günlərdə öz təkliflərini təqdim edəcəklər.
Elə paytaxt sakinləri də "Xəzər xəbər”ə açıqlamalarında bu addımı təqdir edir. İcra hakimiyyətinin yaydığı məlumatda bildirilir ki, iş prosesində insan amili qalacaq, lakin minimuma endiriləcək. Öz vəzifə öhdəliklərini yerinə yetirən zaman kommunal xidmət əməkdaşlarının ölümü faciədir və bu qəbuledilməzdir.
Bundan əlavə, məlumatda sürücülər tərəfindən sürət həddinin aşılması da qeyd olunur. Bildirilir ki, körpülərdə, bəzi küçələrdə müəyyən edilmiş saatda 40-60 kilometr sürət əvəzinə avtomobil sürücüləri 80-100 km/saat sürətlə hərəkət edirlər. Bütün bu problemlərin kompleks həlli üzərində çalışılır.