Eldar Həsənov hakim qarşısına çıxarıldı
03.09.2021
Bu gün sabiq səfir, həbsdə olan Eldar Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
DM xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.
Əvvəlcə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra vəkillər zalın dəyişdirilməsi, prosesin daha böyük zalda keçirilməsini istəyiblər. Eldar Həsənov vəsatətə etiraz etməyib.
Vəsatətə növbəti iclasda baxılması qərara alınıb.
Vəkillər Eldar Həsənovun şüşə qəfəsdən çıxarılaraq zalda oturması barədə də vəsatət verib. Dövlət ittihamçısı vəsatətə etiraz etməyərək bunu məhkəmənin qərarına buraxıb, lakin məhkəmə hazırkı prosesdə vəsatəti təmin etməyib.