Azərbaycan üzgüçüsü üçüncü qızıl medalına doğru
03.09.2021
Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycanın daha bir idmançısı finala vəsiqə qazanıb.
DM-in xəbərinə görə, S12 kateqoriyası üzrə 100 metr baterflay üsulu ilə üzgüçülük yarışında iki idmançımız təsnifat mərhələsində mübarizə aparıb.
Bunlar ikiqat Paralimpiya çempionumuz Roman Saley və Azərbaycanın ən gənc Paralimpiya qızıl medalçısı Vəli İsrafilov olub. Beş nəfərin yarışdığı təsnifat mərhələsində Belarus əsilli idmançımız hamıdan tez – 58.99 saniyəyə finişə çatıb. Vəli isə 1:10.59 dəqiqə nəticə göstərməklə sonuncu olub.
Beləliklə, Roman Saley bu gün Bakı vaxtı ilə saat 13:53-dən etibarən final mərhələsində mübarizə aparacaq. Səkkiz nəfərin yarışdığı finalda Saley tən ortada – dördüncü sırada (təsnifat mərhələsində hamıdan ən yaxşı nəticə göstərdiyi üçün – S.M.) mübarizə aparacaq.
Qeyd edək ki, Azərbaycan hazırda 11 qızıl, 1 gümüş və 4 bürünc medalla 10-cu sıradadır.