Türk Şurasının rəsmisinin AÇIQLAMASI
01.09.2021
"Bu səfər öncədən nəzərdə tutulmuşdur. Çünki Türk Şurası çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq mexanizmləri qurulub. Onlardan biri də media və informasiya sahəsində əməkdaşlıqdır”.
DM xəbər verir ki, bu sözləri Türk Şurası baş katibinin müavini Qismət Gözəlov Şuşada jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu ilin aprel ayında Bakıda media və informasiya nazirlərinin görüşündə 2021-2022-ci illəri əhatə edən fəaliyyət planı hazırlanıb:
"Fəaliyyət planına uyğun olaraq və bir ay bundan əvvəl İstanbulda keçirilən media treninq proqramı çərçivəsində səfərin həyata keçirilməsi Azərbaycan tərəfinin təşəbbüsü ilə irəli sürüldü və qəbul olundu. Səfərdə məqsəd Türk Şurasına üzv ölkələrin mətbuat işçiləri ilə əlaqələrin daha da inkişaf etdirilməsi və Qarabağda erməni işğalçıları tərəfindən torədilmiş vəhşiliklərin onların gözü ilə görülməsi və ictimaiyyətə çatdırılmasıdır. Onlar Füzuli, Cəbrayıl və Şuşa şəhərində törədilmiş dağıntıların şahidi oldu. Bizim daha sonra Gəncə şəhərində müharibə zamanı raket hücumuna məruz qalan əraziyə ve Ağdama səfərimiz də nəzərdə tutulur”.