Zəhərlənmə baş verən restoran bağlandı - BAKIDA
13.08.2018
Bakıda kütləvi zəhərlənmənin baş verdiyi "Tonqal" restoranı fəaliyyətini dayandırıb.
"Dövran Media" xəbər verir ki, bu barədə "REAL”a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Qeyd edək ki, avqustun 11-də Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev prospekti 82 ünvanında yerləşən "Tonqal” restoranında baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı daxil olmuş məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyində dərhal operativ işçi qrupu yaradılıb. Hadisənin baş verdiyi restoranda, zəhərlənən şəxslərin yerləşdirildiyi Klinik Tibbi Mərkəzdə və 2 saylı Uşaq Kliniki Xəstəxanasında qida təhlükəsizliyi araşdırmalarına başlanılıb.
Məlum olub ki, zəhərlənən 13 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılmış, 2 nəfər azyaşlının müalicəsi isə 2 saylı Uşaq Kliniki Xəstəxanasında davam etdirilir. Hazırda onların vəziyyəti qənaətbəxşdir.