Saxta qazi həbs edildi
24.08.2021
Avqustun 19-da Aşura günü ilə əlaqədar Sumqayıt şəhərindəki Cümə məscidinə gələn vətəndaşların təhlükəsizliyi və pandemiya ilə əlaqədar məscidə müəyyən olunmuş sayda insanların buraxılması polis əməkdaşları tərəfindən təmin edilib.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, həmin vaxt bir nəfər özünü Vətən müharibəsinin iştirakçısı kimi təqdim edərək xidməti vəzifələrini yerinə yetirən polislərin qanuni tələblərinə tabe olmayıb, onlara müqavimət göstərməyə cəhd edib. Polis əməkdaşlarının təmkinli davranışı, izahedici söhbətləri nəticəsində onu sakitləşdirmək mümkün olub.
Bu səhnəni əks etdirən videogörüntülər sosial şəbəkələrdə də yayılıb.
DİN Mətbuat Xidmətindən bildirilir ki, aparılan araşdırmalarla həmin şəxsin şəhər sakini Həsənov Nurəddin Məzahir oğlu olması müəyyən edilib və o, polis idarəsinə dəvət olunub.
İlkin araşdırmalarla N.Həsənovun Vətən müharibəsinin iştirakçısı olmadığı müəyyən edilib.
Bununla belə, onun əməlində polisin qanuni tələbinə qəsdən tabesizlik göstərməsi və eləcə də ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətməsi sübuta yetirilib.
İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələrinə müvafiq olaraq onun barəsində toplanmış materiallar şəhər məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Həsənov Nurəddin Məzahir oğlu barəsində 10 sutka inzibati həbs tənbeh tədbiri tətbiq edilib.