Əfqanıstanda Ukrayna təyyarəsi oğurlandı
24.08.2021
Keçən həftə ukraynalıları Əfqanıstandan təxliyə etməli olan Ukrayna təyyarəsi naməlum şəxslər tərəfindən ələ keçirilib və başqa sərnişinləri İrana aparıb.
Bu barədə Ukrayna xarici işlər nazirinin müavini Yevgeniy Yenin "Gromadske Radio”ya verdiyi açıqlamada bildirib.
Bazar ertəsi axşamı Əfqanıstandan vətəndaşları təxliyə etməli olan üçüncü təyyarə Ukraynaya gəlib, onun göyərtəsində 98 sərnişin, o cümlədən 41 Ukrayna vətəndaşı olub.
"Təyyarəmiz başqa insanlar tərəfindən ələ keçirilib. Çərşənbə axşamı günü faktiki olaraq bizim bir təyyarəmiz oğurlanıb - həmin təyyarə ukraynalıları aparmaq əvəzinə göyərtəsində naməlum sərnişin qrupu ilə İrana uçub”, - deyə Yenin qeyd edib.
O əlavə edib ki, vətəndaşları təxliyə etmək üçün növbəti üç cəhd də uğursuz olub, çünki sərnişinlər hava limanı ərazisinə gələ bilməyiblər.