Çingiz Qənizadədən AÇIQLAMA
28.07.2021
Dünyanın başı üzərini almış koronavirus pandemiyası öz fəsadlarını törətməkdə davam edir. Bir il 7 aydan artıqdır ki, dünya iqtisadiyyatına ciddi zərbələr vuran yoluxucu xəstəlik sanki insanlardan qisas almaq üçün yaranıb. Pandemiya başqa ölkələrin və iri şirkətlərin iqtisadiyyatına olduğu kimi, Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib. Amma buna baxmayaraq, dövlət başçımızın müəyyənləşdirdiyi siyasi kurs koronavirusun daha əhatəli fəsadlar törətməsinin qarşısını alıb. Əvvəlcədən nəzərdə tutulan sosial və infrastruktur layihələrin heç birinin icrası təxirə salınmayıb. Bu da insanların rifahının, həyat tərzinin yaxşılaşdırılmasının dövlətimizin prioritet istiqamətlərdən bir olduğunu göstərir.
DM xəbər verir ki, bu barədə Demokratiya və İnsan hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Ç.Qənizadə qeyd edib ki, pandemiyanın ən kəskin dövründə dövlətimizin başçısı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva mütəmadi olaraq regionlarda, həmçinin Bakı ətrafı qəsəbələrdə reallaşdırılan sosial layihələrin açılış, habelə yenilərinin təməlqoyma mərasimlərində iştirak edirlər. Qürurla deyə bilərəm ki, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və son illər bu layihələrin həcmi rekord həddə çatıb. Çoxlu sayda məcburi köçkün ailəsi, ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi, müharibə əlilləri, aztəminatlı ailələr və bu qəbildən olan digər insanlar dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunublar. Bununla yanaşı, yeni sənaye müəssisələri, istirahət mərkəzləri, eyni zamanda, idman obyektlərinin, yolların, içməli su və kanalizasiya xətlərinin istismara verilməsi də reallaşdırılıb.
Bu günlərdə dövlət başçımızın respublikamızın qərb bölgəsinə səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədən də bəlli oldu ki, pandemiya dövrünə təsadüf edən bu ilin altı ayının yekunları uğurlu olub. Yeri gəlmişkən, dövlətimizin başçısının pandemiya dövründə bölgələrə səfərləri mütəmadi xarakter alıb. Dövlətimizin başçısı qeyd etdi ki, son altı ayın hər bir ayının iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, iqtisadi inkişafa nail olmuşuq. Bunu faktlar da təsdiqləyir. Məsələn, altı ayın yekunları göstərir ki, iqtisadiyyatımız 2 faiz artıb. Halbuki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir. Sevindirici bir fakt da odur ki, qeyri-neft sektorumuz 5 faizdən çox artıb. Bu, çox böyük göstəricidir və həyata keçirilən işlərin təzahürüdür.
Dövlətimizin başçısı azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işlərindən söhbət açdı, bu istiqamətdə yeniliklərdən danışdı. Müntəzəm olaraq Azərbaycan ictimaiyyətini görülən işlər barəsində məlumat verildiyni deyən ölkə başçısı görülən bütün işlərin xalq tərəfindən bəyənildiyni, dəstəkləndiyni bildirdi. Fərəhli haldır ki, o bölgələrdən olan insanlar – keçmiş məcburi köçkünlər bu layihələrin icrasında iştirak edir, onların rəyi mütləq nəzərə alınır. Müharibədən cəmi 8 ay keçməsinə baxmayaraq, çox böyük işlər görülüb və bu gün də davam etdirilir. Dövlətimizin başçısı, ilk növbədə, mina təmizləmə işləri ilə məşğul olmağın zəruriliyini diqqətə çatdırdı və bu sahədə işlərin davam etdirildiyni bildirdi.
Dövlətimizin başçısı, həmçinin ölkəmizin beynəlxalq qurumlarla fəal əməkdaşlığından, bir sıra hallarda həmin qurumlara uğurla sədrlik etməsindən də da söhbət açdı. Diqqətə çatdırdı ki, məhz uğurlu sədrliyin nəticəsidir ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi üzv dövlətlərin müraciəti ilə daha bir il uzadıldı.
Azərbaycan bütün mötəbər qurumlarla sıx əməkdaşlıq edir. Bu günlərdə ölkəmizə işgüzar səfərə gələn Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşün nəticələri barədə suali cavablandıran möhtərəm Prezidentimiz bu səfəri yüksək qiymətləndirdiyni bildirdi. Bu, Avropa İttifaqı-Azərbaycan siyasi əlaqələrinin inkişafına xidmət göstərən bir səfərdir. Ölkə başçısı Avropa İttifaqına çoxsaylı səfərlərini xatırlatdı. Eyni zamanda, Avropa İttifaqının rəhbərləri də Azərbaycana çoxsaylı səfərlər ediblər. İki il bundan əvvəl Avropa İttifaqı Şurasının sədri cənab Donald Tuskun Azərbaycanda səfərə gəldiyini xatırladan bundan iki il sonra yeni sədr cənab Şarl Mişelin də Azərbaycana səfərini ölkəmizin beynəlxalq aləmdə artan nüfuzu kimi dəyərləndirdi. Azərbaycanda əməkdaşlıq üçün çox gözəl zəmin yaradılıb. İllər keçdikcə, əməkdaşlığın həcmi də, əhatə olunan sahələr də artır.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Bakıda olarkən bir dəfə də olsun "Dağlıq Qarabağ” və "status” sözlərini işlətmədiyini xatırlatdı. Dedi ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur və Şarl Mişelin bu sözləri işlətməməsi, əlbəttə ki, bizim mövqeyimizə göstərdiyi hörmətin əlaməti kimi qəbul edilməlidir. Status məsələsi də, həmçinin.
Vətən müharibəsinin başa çatmasından artıq 8 ay ötüb. Postmünaqişə dövründəki vəziyyətlə bağlı fikirlərini bildirən respublikamızın rəhbəri bütün görülən işləri müsbət qiymətləndirdi. Çünki biz həm müharibə dövründə, həm postmüharibə dövründə istədiyimizə nail olmuşuq və nail oluruq. Bir məsələni də qeyd etməliyəm ki, mənim həm müharibədən əvvəl, həm müharibə zamanı, həm müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürüm var və bilirəm nə etməliyik, nə vaxt etməliyik, necə etməliyik. Bütün sahələrdə olduğu kimi, bu sahədə də konseptual yanaşma ortadadır. Qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub. Əlbəttə ki, bütün bu hədəflər bəyan edilməyib, çünki bu, hələ tezdir. Ancaq biz bilirik, biz nə istəyirik, indi nə istəyirik, nəyə nail ola bilərik və buna biz necə nail ola bilərik. Bütün addımlarımızı buna uyğun şəkildə atırıq və deyə bilərəm ki, bu 8 ay bizim ssenari əsasında keçir. Çünki postmüharibə dövrü müharibə dövrü qədər çətin olmasa da, çox qeyri-müəyyən bir dövr idi.
Etiraf edək ki, müharibə dövründə bəzi ölkələr bizə qarşı açıq-aydın hərəkətə keçmişdilər, bizi əsassız ittiham edirdilər, bizi hədələyirdilər, sanksiyalarla hədələyirdilər, bu məsələni BMT Təhlükəsizlik Şurasına çıxarmağa çalışırdılar. Bu məsələləri dövlətimizin başçısı da müsahibəsində diqqətə çatdırdı və bütün bunları antiazərbaycan ssenarisinin tərkib hissəsi adlandırdı.
Postmüharibə dövrü barədə məlumat verən ölkə rəhbəri dedi ki, biz cəld tərpəndik, fəallıq göstərdik, öz gündəliyimizi qəbul etdirdik və indi bu gündəlik əsasında işlər gedir. Həm Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan ərazilərdə, həm onun ətrafında, həm siyasi müstəvidə, həm Ermənistan-Azərbaycan sərhədində biz öz gündəliyimizi qəbul etdirdik və heç bir addım təsadüfi olmayıb. Hər bir addımın düşünülmüş proqram üzərində olduğunu vurğulayan Prezident İlham Əliyev postmüharibə dövrü haqqında atılacaq addımlar haqqında hələ müharibə zamanı fikirləşdiyni bildirdi. Dedi ki, qələbə çalacağımıza tam əmin idik.
Postmüharibə dövründə diplomatik müstəvidə də düşünülmüş addımlar atılıb. Avropa İttifaqı, Amerika Birləşmiş Ştatları, qonşu ölkələr - Türkiyə, İran, Gürcüstan, müsəlman aləmi, Qoşulmama Hərəkatı - bütün bu təmaslar müsbət məcrada inkişaf edir. Artıq siyasi leksikonumuza "Zəngəzur dəhlizi” sözünü daxil etmişik. Nəinki regionun, hətta dünyanın aparıcı kütləvi informasiya vasitələri də Zəngəzur dəhlizi haqqında yazırlar.
Dövlətimizin başçısı sülh müqaviləsindən də söhbət açdı. Bu barədə Ermənistana gündəlik göndərildiyini diqqətə çatdıraraq dedi: "Qoy desin ki, istəmir, qoy desin ki, imtina edir. Mən bunu dəfələrlə demişəm, deyirəm: Biz hazırıq, danışıqlara başlayaq. Müharibə qurtarıb? Qurtarıb. Sülh istəyirsən, Ermənistan? İstəyirsən elə bil ki. Onda nə üçün sülh müqaviləsi imzalanmasın? Tanı bizim ərazi bütövlüyümüzü, sülh müqaviləsi imzalansın, sərhədlərin delimitasiyası həll olunsun”.