AZƏRTAC-ın keçmiş baş direktoru vəfat etdi
27.07.2021
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) keçmiş baş direktoru, tanınmış jurnalist Şamil Şahməmmədov vəfat edib.
"Report”un xəbərinə görə, o, 87 yaşında dünyasını dəyişib.
Ş.Şahməmmədov uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi.
O, bu gün Biləcəri qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Şamil Məmməd oğlu Şahməmmədov 1934-cü ildə Gəncə şəhərində anadan olub. Fəal jurnalist yaradıcılığı ilə XX əsrin 50-ci illərindən Bakı Dövlət Universitetinin Jurnalistika şöbəsinin tələbəsi olduğu illərdən məşğul olmağa başlayıb.
O, əvvəl radio ilə əməkdaşlıq edib, 1957-ci ildən isə dördüncü kurs tələbəsi olmasına baxmayaraq, yeni yaradılan paytaxt qəzeti "Bakı”ya işə götürülüb. Burada Ş.Şahməmmədov 30 ildən artıq müddətdə milli jurnalistikamızın görkəmli simalarından olan Nəsir İmanquliyevin rəhbərliyi altında zəngin təcrübə məktəbi keçib. O, əvvəl müxbir, şöbə müdiri, sonra məsul katib işləyib və nəhayət, baş redaktor vəzifəsinədək yüksəlib.
"Kommunist” ("Xalq qəzeti”) qəzetində Baş redaktor müavini və Azərbaycan Dövlət İnformasiya Agentliyində (AZƏRTAC) Baş direktor vəzifəsində çalışıb.