Qazini vurub qaçan sürücü yaxalandı
15.07.2021
Suraxanı rayonunda yerləşən "Ağ çiçəyim” gül salonunun yaxınlığında Vətən müharibəsi qazisi Elvin Alik oğlu Tağızadə, şəxsi maşını xarab olduğu üçün, qəza işıqlarını yandıraraq maşınını ehtiyat zolağına çəkib. Həmin an hərəkətdə olan naməlum sürücü avtomobili ilə qazini vuraraq hadisə yerindən qaçıb.
Bu barədə Elvin Tağızadənin yaxın qohumu Sahəddin Məmmədov məlumat verib.
"Yol-nəzarət kameralarından da görünür ki, 11 iyul axşam saatlarında 1998-ci il təvəllüdlü Elvin Tağızadə avtomobilin qəza işıqlarını yandıraraq maşını ehtiyat zolağına çəkir. Qəza baş verən ərazidə hər 100 metrdən bir müşahidə kameraları var. Qazini yaralayan sürücününün maşınının modeli və kimliyini isə aidiyyəti orqanlar hələ ki, ortaya çıxara bilməyib. Elvinin hər iki ayağı bir neçə yerdən qırılıb. Güclü kəllə-beyin travması alıb. Huşu özündə deyil. Hərdən müharibə ilə bağlı sözlər sayıqlayır. Hazırda Bakı Sağlamlıq Mərkəzində müalicəsi davam etdirilir. Elvin iyulun 3-də əsgərlikdən qayıdıb. Prezident İlham Əliyev tərəfindən "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub”.
Məsələ ilə bağlı saytımıza açıqlama verən DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov faktı təsdiqləyib:
"Elvin Tağızadə idarə etdiyi "Opel” markalı avtomobil nasaz olduğu üçün Suraxanı rayonu ərazisində, gecə saat 22:54-də avtomobilindən yerə düşüb. Yolun kənarında dayanarkən markası və dövlət qeydiyyat nişanı məlum olmayan avtomobil tərəfindən vurulub. Nəticədə E.Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı Suraxanı rayon Polis İdarəsinin İstintaq şöbəsində aparılan araşdırmalar zamanı həyata keçirilmiş tədbirlər nəticəsində hadisəni törətmiş "Kamaz” markalı avtomobilin sürücüsü Asəf Aslanov müəyyən edilərək şübhəli şəxs qismində tutulub. Suraxanı rayon Pİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə cinayət işi başlanaraq icrata qəbul edilib. Hazırda Asəf Aslanovun iddiham olunması üçün tədbirlər görülür”.