Ölkədə qiymət artımı hansı səviyyədədir?
15.07.2021
Azərbaycanda istehlak qiymətləri indeksi 2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 104,3 faiz təşkil edib.
DM-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, ölkədə istehlak səbətinə daxil olan məhsul və xidmətlərin dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 4,3 faiz artıb.
Bildirilib ki, 2021-ci ilin iyun ayında istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 99,5 faiz olub. Bu isə aylıq müqayisədə qiymətlərdə 0,5 faizliq azalma qeydə alındığını göstərir.
Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan və bazis inflyasiyası kimi qəbul edilmiş istehlak qiymətlərinin bazis indeksi 2021-ci ilin iyun ayında may ayı ilə müqayisədə 100,2 faiz, 2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 102,7 faiz təşkil edib.