03 12 2024-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Polad erməni texnikasını tək ələ keçirdi – Döyüş yoldaşı

14.07.2021

 14 iyul şəhid Milli Qəhərman, general-mayor Polad Həşimovun anım günüdür.

Milli Qəhərman Polad Həşimovun döyüş yoldaşı, qazi Ülvi Qədirin Axar.az-a verdiyi müsahibəni təqdim edirik.

- Polad Həşimovla yoldaşlığınız necə başlayıb?

- Ali Hərbi Məktəbi bitirəndən sonra müdafiə mazirinin əmri ilə bir neçə zabitlə N saylı hərbi hissəyə göndərildik. Həmin bölməyə məxsus olan bəzi hərbi texnikalar bizə təhkim olunmuşdu Bir neçə gün sonra həmin hissənin avtomobil parkında digər texnika, hərbi maşınlarla tanış olduq. Orada tırtıllı, yol infrastrukturunda istifadə olunan "S” markalı taraktor diqqətimi çəkdi. O mənzərə indi də gözümün qarşısında canlanır. Həmin traktor gülləbaran olunmuş, sanki ağır döyüşdən çıxmış bir vəziyyətdə idi. Avtomobil xidmət rəisi qeyd elədi ki, bu traktoru bizim hərbi hissə komandirimiz Polad Həşimov düşmən tərəfindən qənimət gətirib. Hansı ki, düşmən bu traktorla uzun illər öz postlarına keçilməz dağlardan yollar çəkirmiş. Polad Həşimov gecə düşmən ərazisinə keçərək həmin traktoru gətirib, gülləbaran olub, ancaq hər şeyə rəğmən sağ-salamat hərbi hissəyə gətirib çıxarıb və hazırda istifadə olunur. Mən həmin hərbi hissədə qulluq etdiyim 5 ilə yaxın müddətində ən keçilməz dağlarda, təpələrdə yolların açılması üçün həmin o traktordan istifadə olunurdu. Avtomobil parkında Polad Həşimova yaxınlaşdıq, tanışlığımız elə ordan başladı.

- Polad Həşimovun zabitlərlə münasibəti necə idi?

- 2-3 ay hərbi hissənin gənc əsgər bölümündə xidmətimi davam etdirdim. Komandirim Polad Həşimova bildirdim ki, mən xidmətimi ön cəbhədə davam etdirmək istəyirəm. O isə dedi ki, siz hələ gənc zabitlərsiz, ən azı 6 ay hərbi hissədə xidmət etməlisiniz. Ancaq özümü doğrultdum, 10-15 gün keçməmiş əmrim gəldi və mən ön xəttə, Murovun ən yüksək, ən çətin reliyefi olan yerinə təyin olundum. Mənim xidmət elədiyim yerdə Polad Həşimov özü 6 il xidmət edib. Xidmətimiz dövründə də Polad Həşimovla çox yaxın dostluğumuz olub. O, xidmət vaxtı əldə etdiyimiz nailiyyətlərə görə həmişə bizi dəyərləndirirdi.

- Polad Həşimovun şəhadətini necə qarşıladınız?

- Yaxınlarım, əzizlərimi itirəndə, onları torpağa dəfn etdiyimdə heç vaxt gözümdən yaş axmayıb. Çünki ölümün Allahın əmri olduğunu dərk etmişəm, hamımızın zamanı yetişəndə bu dünyanı tərk edəcəyik. Ancaq şəhid qardaşım Polad Həşimovu dəfn edəndə göz yaşlarımı saxlaya bilmədim. Çünki o, mənim üçün tam başqa bir şəxsiyyət idi. İki həftədən artıq şok vəziyyətinə oldum. İnana bilmədim, hər həftə qəbrini ziyarətə getdim. Onun kimi fərqli insan Yer üzünə bir də gəlməyəcək.

- Polad Həşimovun şəhadəti bizə nə qazandırdı?

- Polad Həşimov şəhadəti ilə tarix yazdı. Zəfərlə bitən Vətən müharibəsinə gedən yol general-mayor Polad Həşimovun şəhadəti ilə başladı. Onun şəhidlik zirvəsinə yüksəlməsi 30 illik həsrətin sonu, Qarabağımızın azad olunmasının başlanğıcı oldu. Bu gün əminliklə deyə bilərik ki, bütün şəhidlərimizin ruhu şaddır. 44 günlük Vətən müharibəsində neçə-neçə vətən övladı düşmən üzərinə Polad Həşimovun qisasını almaq üçün gedib. İllər keçəcək, Polad Həşimov hər gələcək nəsil tərəfindən böyük məhəbbətlə, qürurla yad ediləcək.

- Polad Həşimov məktəbini bitirmək necə hissdir?

- Allahın bir neməti hesab edirəm ki, qazi olaraq paşamızı, general-mayor Polad Həşimovu yaxından tanımışam və Polad Həşimov məktəbinin yetirməsi olmuşam. Polad Həşimovu yaxından tanıyan, onunla birlikdə 5 ilə yaxın çiyin-çiyinə döyüş yolu keçən biri olaraq bütün çıxışlarımda onu xatırayıb, xüsusilə gənclərimizə onun haqqında danışmağı özümə borc bilirəm. Dünyadan köçməsinin birinci ildönümündə gənclərimizə vətənpərvərlik nümunəsi olan general-mayor Polad Həşimovu böyük qürur və rəhmətlə anıram.