Prezidentlər təkbətək GÖRÜŞÜBLƏR
10.08.2018
Avqustun 10-da rəsmi qarşılanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun təkbətək görüşü olub.
"Dövran Media" xəbər verir ki, Tacikistan Prezidenti Emoməli Rəhmonu salamlayan Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:
-Hörmətli Emoməli Şərifoviç. Sizi Azərbaycanda səmimi qəlbdən salamlayıram. Sizin səfərinizə çox sevinirəm. Əminəm ki, səfər ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək. Biz gündəliyimizdə duran mühüm məsələləri, əlbəttə ki, regional əməkdaşlıq məsələlərini müzakirə edəcəyik. Ölkələrimizi daha da yaxınlaşdırmaq üçün çox iş görməliyik. Səfəriniz ərəfəsində nümayəndə heyətlərimiz çox fəal iş görüblər, ticari-iqtisadi inkişaf, nəqliyyat infrastrukturu ilə bağlı bir çox məsələləri müzakirə ediblər. Əməkdaşlığı gücləndirmək üçün yaxşı zəmin var. Əlbəttə, bu gün biz bunu mütləq müzakirə edəcəyik. Həmçinin bu gün bizim uğurla irəliləməyimiz üçün hüquqi baza yaradacaq xeyli sənəd imzalanacaq.
Biz Sizin səfərinizə çox böyük əhəmiyyət veririk və əminəm ki, səfər məhsuldar olacaq. Biz həm Tacikistanda, həm Azərbaycanda, həm də beynəlxalq müstəvidə tez-tez görüşürük. Əlbəttə ki, gündəlikdə duran məsələləri ətraflı müzakirə etmək üçün yaranan bu imkan münasibətlərimizə yeni impuls verəcək. Bir daha xoş gəlmisiniz.
Tacikistan Prezidenti Emoməli RƏHMON dedi:
-İlham Heydər oğlu, dəvətə görə çox sağ olun. Biz dost Azərbaycanın uğurlarına, sosial-iqtisadi inkişafına, beynəlxalq arenada uğurlarına səmimi qəlbdən sevinirik. Tacikistan Azərbaycanla çoxşaxəli əməkdaşlığa böyük əhəmiyyət verir. Tacikistan-Azərbaycan qarşılıqlı əlaqələrinin bütün formatlarda dinamik inkişafı sevindiricidir. Əminəm ki, bizim bugünkü görüş bütün əsas məsələlər üzrə qarşılıqlı münasibətlərimizə yeni impuls verəcək. Sağ olun./azertac/