Türkiyə hərbçilərinə qarşı cihada başlayacağıq - Taliban
13.07.2021
"Taliban” hərəkatı Türkiyəyə hərbçilərini Əfqanıstandan çıxarmaqla bağlı çağırış edib.
DM xəbər verir ki, bununla bağlı "Taliban” bəyanat yayıb. Bəyanatda bildirilib ki, BMT və beynəlxalq ictimaiyyətin dəstəklədiyi və Türkiyə də daxil olmaqla, əksər ölkələr tərəfindən alqışlanan "Doha" razılaşmasına əsasən, bütün xarici dövlətlərin qüvvələri Əfqanıstandan geri çəkilir:
"Ancaq razılaşmaya baxmayaraq, Türkiyə hökuməti ABŞ-la razılaşaraq öz hərbi qüvvələrini Əfqanıstanda saxlayır. Əfqanıstan İslam Əmirliyi və əfqan xalqı Türkiyə ilə tarixi, mədəni və dini əlaqələr saxlayır, lakin işğalın genişləndirilməsi, ölkəmizin daxilində Türkiyə məmurlarına qarşı kin və düşmənçilik hisslərini oyadacaq və ikitərəfli əlaqələrə zərər verəcək”.
"Taliban” Türkiyə rəhbərliyinin bu qərarını yanlış addım kimi qiymətləndirib:
"Hər hansı xarici ölkənin qüvvələrinin istənilən bir bəhanə ilə vətənimizdə qalmasını işğal kimi qəbul edirik və onlara fətva əsasında cavab veriləcək. Bu fətva əsasında son 20 ildə cihad edilib”.